Valyuta.com

Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib

Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib

Ölkəmizdə könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun (ETHTİ) Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və bir sıra ictimai birliklərin təşkilatçılığı ilə Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib.
14 İyun – Ümumdünya Qan Donoru günü ərəfəsində keçirilən forumda “Qan ver, həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” videoçarxları nümayiş olunub.
Tədbirdə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, hazırda qlobal miqyasda təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Hər il dünyada 108 milyon doza qan toplanır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas edir. S.Babazadə gənclərə müraciət edərək, onları daha aktiv surətdə donorluğa qoşulmağa çağırıb.
Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova belə bir tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunmuş gənclər təşkilatları qan donorluğunun inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.
B.Eyvazov adına ETHTİ-nun direktoru Zöhrə Əlimirzəyeva isə qeyd edib ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilən və könüllü qan donorluğunu dəstəkləyən bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru günü kimi qeyd edilməsi qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir. O bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qana ehtiyac duyulur. Qan ehtiyatı ölkəmizdə irsi qan xəstəliyi olanların, hematoloji və onkoloji xəstələrin müalicəsində, cərrahiyyə sahəsində istifadə üçün lazımdır və daim yenilənməlidir.
İnstitutun direktoru əlavə edib ki, qana ehtiyacı olan insanlara qanı həm onun yaxınları verir, həm də bunun üçün Səhiyyə Nazirliyi xüsusi briqadalar yaradıb.
B.Eyvazov adına ETHTİ Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva isə Azərbaycanda könüllü qan donorluğunun inkişaf tarixindən danışıb. Bildirib ki, ölkəmizdə 2010-cu ildə 46 530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72 697 nəfər olub. Eyni zamanda, donorların sayının çoxalması nəticəsində tədarük edilən qan və qan komponentlərinin miqdarı da artıb. Belə ki, 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litr təşkil edib. Ümumilikdə isə, keçən il Mərkəzi Qan Bankında 41 606 nəfər donor qan verib.
P.Hacıyeva bildirib ki, bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların qeydiyyatı, onlardan qan analizinin alınmasına və müayinəsinə dair məlumatların qeydiyyatı, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda “Vahid Qan Bankı” sistemi yaradılıb və hazırda Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, “Qanımızın səsi” kitabının müəllifi Sevda Tahirli və başqaları çıxış edərək, ikinci dəfə keçirilən forumun Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, donorluğun inkişafı üçün təkcə Səhiyyə Nazirliyi deyil, digər qurumlar, tanınmış insanlar və kütləvi informasiya vasitələri də öz töhfələrini verməlidirlər.
Forumda qan donorluğunun inkişafına töhfələr vermiş təşkilatlara və könüllü donorlara diplomlar təqdim olunub. Sonra bu sahədə gələcək fəaliyyətlər müzakirə edilib.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova