Valyuta.com

Qan göstəriciləri yoxlanılmadan edilən ümumiləşdirilmiş koronavirus müalicəsi yanlışdır

Qan göstəriciləri yoxlanılmadan edilən ümumiləşdirilmiş koronavirus müalicəsi yanlışdır


Səhiyyə Nazirliyinin reanimatologiya üzrə baş mütəxəssisi İsrail Məhərrəmbəyli yeni növ koronavirus (COVID-19) infeksiyası şəraitində reanimasiya və intensiv terapiya tədbirləri barədə müsahibə verib.


- COVID-19 infeksiyasına yoluxanlar hansı halda reanimasiyaya yerləşdirilməlidirlər?
- İntensiv terapiya şöbələri ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış, mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunmuş, ixtisaslaşdırılmış şöbələrdir. Vətəndaşlarda qorxu var, onlar, adətən, düşünürlər ki, süni tənəffüs aparatına qoşuldularsa, deməli, sondur.
Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun qoşulmasi ilə həyata keçirilir. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.
Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır. COVID-19 virusunun hansı forma və intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur. Nədən qaynaqlanması, patogenetik istiqaməti, müalicə prinsipləri kimi suallara aydınlıq gətirmək üçün dəqiq statistik mənbə yoxdur. Təbii ki, yoluxma zamanı virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi xəstəliklə mübarizədə çox böyük əhəmiyyətə malikdir. Zəif immun sisteminə malik orqanizmdə, əlbəttə ki, virusun inkişafı sürətli baş verir. Statistik təhlillər göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, “soyuqdəymədir” deyib gözləyən və mütəxəssis müalicəsi almayan xəstələr gecikmiş halda xəstəxanalara müraciət edirlər. Evdə müalicə zamanı müəyyən analizlər olunmadan, qan göstəriciləri yoxlanılmadan edilən ümumiləşdirilmiş müalicələr çox yanlışdır. Ağırlaşan xəstələrin qəbul şöbəsində vəziyyətləri dəyərləndirilir və həkim xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsində müalicə olunacağını təyin edir.

- Hansı ağırlaşmalar xəstənin intensiv terapiyaya ehtiyacı olduğunu göstərir?
- İlk növbədə, reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir. Həmçinin kəskin tənəffüs çatışmazlığı, kəskin hemodinamik pozulmalar, yanaşı xəstəlikləri olanlar da intensiv terapiyaya cəlb edilir. Məsələn, xəstədə kəskin tənəffüs çatışmazlığı olmasa da, yanaşı xəstəlikləri - şəkər, ürəkdə stent və ya yüksək təzyiqi varsa, o, dinamik müşahidədə saxlamaq üçün reanimasiyaya yerləşdirilir. Xəstənin tənəffüs sayı 30-dan çox, oksigenin parsial təzyiqi 70-in altında və karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, eyni zamanda, saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, belə xəstələr reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiyasının nəticəsidir.

- İntubasiya nə deməkdir və hansı xəstələrə tətbiq edilir?
- Bu prosedur endotraxeal boru (ET) adlanan alətin ağızdan tənəffüs yoluna daxil edilməsidir. COVID-19 infeksiyasında, xüsusilə yüksək ağciyər tutulması və nəfəs darlığı olan xəstələrdə qanda oksigen səviyyəsinin aşağı olması ilə xəstənin intubasiya edilməsinə ehtiyac yarana bilər. İntubasiya olunmuş xəstə ventilyasiya cihazına bağlı olduğu müddətdə reanimasiyada qalır. Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, intubasiyadan sonra bir müddət də reanimasiyada müalicə lazım gələ bilər. Lakin reanimasiyadakı hər xəstəyə intubasiya edilmir. Tənəffüs funksiyasını müstəqil şəkildə yerinə yetirə bilən xəstələrdə intubasiya tələb olunmur.
İntubasiya edilmiş xəstələrin yerləşdirmə üsulu həkimlər tərəfindən xəstənin vəziyyətinə görə təyin oluna və zaman-zaman dəyişdirilə bilər. Bəzi xəstələrdə intubasiya zamanı üzü aşağı, bəzilərində isə klassik yatma mövqeyinə üstünlük verilir.

- İntubasiya neçə gün çəkir?
- COVID-19 və tənəffüsə təsir edən bir çox digər xəstəliklərdə, xəstəlik şiddətli olarsa, xəstə müəyyən bir müddət intubasiya yolu ilə mexaniki ventilyasiya almalı ola bilər. Ümumiyyətlə, yoluxucu xəstəliklərdə bütün müalicə variantları sınandığına baxmayaraq nəticə vermirsə, intubasiya tətbiq olunur.
Ona görə də, intubasiya COVID-19 xəstələrində antiviral dərmanlar, antikoaqulyantlar (qan durulducular) kimi bir çox müalicə üsullarının kifayət qədər nəticə vermədiyi hallarda tətbiq olunur. Bu prosedurun neçə gün çəkəcəyi tamamilə xəstənin vəziyyətindən asılıdır. Bəzi xəstələrdə yalnız bir neçə gün, ağır xəstələrdə isə həftələrlə davam etdirilə bilər. Xəstə nə qədər uzun müddət intubasiya olunarsa, fəsadların ehtimalı da o qədər yüksək olar.
Uzun müddət intubasiya edilmiş xəstələrdə tənəffüs yollarının daralması və ağciyərlərin tənəffüs dəstəyindən asılılığı kimi risklər inkişaf edir. Ona görə də bir neçə həftə ərzində sağalmayan xəstələrdə traxeostomiya kimi fərqli üsulların tətbiq edilməsi lazım ola bilər. Traxeostomiyada birbaşa nəfəs borusuna açılan yolun köməyi ilə nəfəs almaq mümkün olur.

- İntubasiya edilmiş xəstənin vəziyyəti yaxşılaşırmı?
- Elmi statistikaya əsasən, intubasiya edilmiş COVID-19 xəstələrinin təxminən dörddə üçü sağ qalır. Ona görə, intubasiya olunmuş xəstənin sağ qalma ehtimalının hələ də yüksək olduğunu söyləmək olar. İntubasiya edilməyən xəstələrə nisbətən intubasiya olunmuş xəstənin ölüm nisbətinin artıq olmasının səbəbi süni ventilyasiyaya qoşulan xəstənin ağır xəstə olmasıdır. İntubasiya zamanı xəstənin müşahidə və müalicə prosesi çox vacibdir. Belə xəstələrin nəzarətdə saxlanması üçün reanimasiya ən əlverişli mühitdir. Sağalmağa başlayan xəstələrdə ventilyasiya dəstəyi kəsildikdən sonra xəstəyə bir müddət oksigen dəstəyi verilməlidir.
Bütün bu prosedurlar zamanı hər bir xəstənin sağlamlıq vəziyyətinin fərdi xüsusiyyətindən asılı olaraq proses və tətbiqlər fərqli ola bilər. İntubasiya edilmiş xəstələrin yaxınlarının həkimlərinin tövsiyələrinə uyğun davranmaları faydalıdır. COVID-19 xəstəliyi ciddi şəkildə irəliləyərsə və xəstədə nəfəs darlığı inkişaf edərsə, intubasiya lazım ola bilər. Nəfəs darlığı yaranan COVID-19 xəstələri dərhal tibb müəssisələrinin təcili xidmətlərinə müraciət etməlidirlər.
Həqiqətən, reanimasiya şəraitində xəstələrin nə yaşadıqlarını anlamaq üçün bu mühiti görmək lazımdır. Koronavirus xəstələrinin reanimayasiya vəziyyətləri digərlərindən çox fərqlənir. Xəstənin şüuru yerindədir və ağrını tamamilə hiss edir. Bu, həqiqətən çox ağırdır. Bəzən həmkarlarla belə qənaətə gəlirik ki, koma vəziyyəti ağırlaşmış koronavirusdan daha az əzab verir. Əgər vətəndaşlar bu mənzərənin qorxuncluğunu görə bilsəydilər, əminəm ki, düşüncələri tamam fərqli olardı.
Vətəndaşlara bu vəziyyətlə qarşılaşmamaq üçün bir daha səslənirəm: ən gözəl müalicə xəstəliyə tutulmamaqdır. Ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün mütləq vaksinasiyada iştirak etmək lazımdır. Eyni zamanda, 3 qızıl qaydanı unutmayın – sosial məsafə saxlamaq, maskadan istifadə etmək və gigiyena qaydalarına əməl etmək vacibdir.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova