Valyuta.com

Oqtay Şirəliyev: “Yalnız qüvvələri birləşdirərək, koronavirusa qalib gələ bilərik”

Oqtay Şirəliyev: “Yalnız qüvvələri birləşdirərək, koronavirusa qalib gələ bilərik”

Hər bir ölkədə insan həyatına təhlükəli xəstəliklərin epidemiyası olan hallarda əks-epidemik tədbirlər, xüsusi rejim tətbiq olunur. İlk növbədə, xəstələnmiş insanları aşkarlamaq, onların müalicəsini düzgün təşkil etmək lazımdır. Həmçinin, yoluxmuş insanların bütün kontaktlarını, onlarla təmasda olanları müəyyən etmək və onlara karantin tətbiq etmək tələb olunur. Və nəhayət, bəlkə də ən vacibi, epidemiyanın yayıla biləcəyi məkanları, bütün mümkün epidemiya mənbələrini ciddi nəzarətə götürmək lazımdır. Burada söhbət kütləvi tədbirlərdən, insanların sıx təmasda olduğu yerlərdən gedir. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizə sahəsində qərarları da məhz bu istiqamətlərə, bu məsələlərin həllinə yönəldilib.

Bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Televiziyasında yayımlanan “Hədəf” verilişində çıxış edərkən deyib.

Səhiyyə naziri vurğulayıb ki, Nazirlər Kabinetinin qərarı bu sahədə ilk qərar deyil: “Bundan əvvəl də bütün lazımi tədbirlər görülmüşdü. Məhz xəstəlik elan olunan gündən ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın göstərişləri nəticəsində bu məsələnin həlli üçün bütün dövlət qurumları cəlb olundu, səfərbər edildi, müəyyən qabaqlayıcı tədbirlər görüldü. Məhz bu tədbirlər sayəsində, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 epidemiyasını pandemiya elan etdiyi bir şəraitdə, Azərbaycanda epidemiya dalğasının, bu xəstəliyin alovlanmasının qarşısı alındı. Bu tədbirlər çox tez və dəqiq həyata keçirildi”.

Nazir Oqtay Şirəliyev çox vacib amil kimi xüsusi qeyd edib ki, bu tədbirlər hadisələrin lap ilk dövründən – Çinin Uhan şəhərində alovlanma baş verən vaxtdan başlamışdı: “Azərbaycanda kütləvi informasiya vasitələri koronavirus infeksiyası ilə əlaqədar kifayət qədər məlumat yayırlar. Əhali həmin infeksiya, onun mənbəyi haqqında məlumatlıdır. Amma mən istərdim bəzi məqamları qısaca olaraq vurğulayaq.

Hələ xəstəlik ilk elan olunan dövrdən, hələ sərhədlərin bağlanmadığı, səyahətlərin davam etdiyi, başqa ölkələrdə sərbəst gediş-gəliş olduğu vaxtlarda bizdə artıq aeroportlarda, bütün sərhəd-keçid məntəqələrində ciddi yoxlama tədbirləri təşkil olunmuşdu. Oraya həkim briqadaları təhkim edilmişdi və bütün gələnlər yoxlamadan keçirilirdilər. Xəstəlik aşkar edilən ölkələrdən gələnlərin telefon nömrələri, ünvanları götürülürdü, müvafiq tibb müəssisələrinə verilirdi və onlar 7-15 günədək davamlı həkim nəzarətində saxlanılırdılar. Xəstəliyə şübhəli olanlar karantinə götürülürdü və xüsusi ayrılmış tibb müəssisələrində karantin altında, həkim nəzarətində saxlanılırdı.

Xəstələrin aşkar edilməsi məsələsinə gəlincə, nəzərə alaraq ki, COVİD-19 yeni virusdur, əksər ölkələrdə onu müəyyən etmək üçün lazım olan diaqnostik vasitələr, testlər yoxdur. Onları ancaq bir necə ölkənin müasir laborator mərkəzlərində istehsal və tətbiq edirlər. Belə mərkəzlərdən birində - Almaniyanın tanınmış Şarite klinikalarının laboratoriyalarında istehsal olunan testlər qardaş Türkiyə vasitəsilə gecə ilə Azərbaycana gətirildi. Məhz bunun nəticəsidir ki, ilk xəstələnmə halları o testlərin köməyi ilə dərhal müəyyən olundu. Bu xəstələr xüsusi ayrılmış tibb müəssisələrində izolyasiya edildilər və onların müalicəsinə başlandı. Vaxtında başlanan müalicə sayəsində artıq sağalan və evə göndərilənlər var. Müalicəsi davam etdirilənlərdə də xəstəliyin müsbət gedişi onların da sağalacağına ümid verir.

Bu gün də bütün bu işlər ardıcıllıqla davam etdirilir. Artıq 10 mindən çox insanda bu laborator müayinələr aparılıb. Bu həm xəstəliyi təsdiqləmək, həm də onun olmadığını müəyyən etmək üçün çox vacibdir.

Mindən artıq insan hazırda karantindədir, izolyasiya şəraitində nəzarət altında saxlanılır. Bütün bunlar xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdir. Bu, çox böyük həcmli işdir”.

Səhiyyə naziri koronavirusla mübarizədə tibb işçilərinin fədakar fəaliyyətini xüsusi qeyd edib: “Bütün dünyada bu xəstələrlə birbaşa təmasda olan tibb işçiləri risk qrupuna daxildir. Bizim həkimlər, tibb bacıları cəsarətlə, fədakarlıqla öz vəzifələrini icra edirlər. Məhz onların səyi nəticəsində, yorulmadan, özləri də karantin şəraitində yaşayaraq çalışmaları sayəsində artıq xeyli xəstə sağalaraq evə yazılıb, qalanların da əksəriyyətinin vəziyyəti yaxşıdır və mən əminəm ki, onlar da sağalaraq ailələrinin yanına qayıdacaqlar”. Oqtay Şirəliyev bildirib ki, dövlət başçısının tibb işçilərinə verdiyi dəyər onları daha əzmlə çalışmağa ruhlandırır.

Səhiyyə naziri qeyd edib ki, ölkə səhiyyəsi koronavirusla mübarizə ilə yanaşı, bütün digər istiqamətlərdə də fəaliyyətini davam etdirir: “İnsanlar səhiyyə müəssisələrinə başqa xəstəliklər səbəbindən də müraciət edir, müalicə alırlar. Bu gün bütün ölkə ərazisində ambulator-poliklinik müəssisələr, xəstəxanalar, tibb mərkəzləri tam gücü ilə fəaliyyət göstərir, cərrahi əməliyyatlar edilir, müalicələr aparılır, təcili yardım xidməti 24 saat fəaliyyət göstərir. Səhiyyə Nazirliyi bütün ölkə üzrə epidemik nəzarəti təmin edir, bununla bağlı metodik tövsiyələr hazırlayır, tibb işçilərinin təlimi ilə məşğul olur. Bütün bu çoxşaxəli işlər adi qaydada davam etdirilir. Əhalinin sağlamlığı ən vacib şərtlərdəndir və dövlət hər zaman bu məsələni diqqətdə saxlayır”, - deyə O.Şirəliyev bildirib.

Nazir vurğulayıb ki, koronavirusla bağlı yaranmış vəziyyətdə ikinci vacib amil insanların təminatıdır: “Əlbəttə, hər kəs təsdiq edə bilər ki, hazırda ölkədə sərhədlər, yollar bağlı olsa da, nə qida məhsullarının, nə başqa malların qıtlığı yoxdur. Ərzaq mağazaları adi qaydada, tam çeşidlə işləyir. Buna nail olmaq üçün ölkəyə idxal dayanmamalıdır. Epidemiya şəraitində bu, asan məsələ deyil. Ölkəmizə lazım olan nə varsa, ciddi nəzarət altında gətirilir. Ölkəyə daxil olan bütün maşınlar sərhədlərdə kolonnalarla yığılır, ciddi dezinfeksiya tədbirləri ilə, ciddi nəzarətlə, müşayiətlə ölkəyə daxil olur. Hətta sürücülərin yoluxmuş olması ehtimalını nəzərə alaraq, onların qidalanması məsələsi həll edilir, bu vaxt başqa insanlarla kontaktda olmaması üçün tədbirlər görülür”.

Nazirin sözlərinə görə, ölkəmizdə atılan düşünülmüş addımların, görülən tədbirlərın sayəsində indiyədək tam sabitlik təmin olunub: “Bu gün biz deyə bilərik ki, bizdə vəziyyətə tam nəzarət olunur. Lakin koronavirus xəstəliyinin gedişatı, başqa ölkələrin təcrübəsi, verilən proqnozlar göstərir ki, ciddi, daha sərt tədbirlər görülməyən hallarda vəziyyət dəyişə bilər. Epidemiyanın geniş yayıldığı ölkələrdə xəstələrin sayı on minlərlə ölçülür. Heç bir səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz. Belə xəstəlik dalğasının qarşısını almağın bir yolu var – ciddi izolyasiya tədbirləri. Bu tədbirlər də hökumət tərəfindən indi həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarda infeksiyaya yoluxma hallarının qarşısını almaqla yanaşı, imkan daxilində insanların yaşayış və həyat tərzinə problemlər yaratmamaq da nəzərdə tutulub. Qərarlar həssaslıqla hazırlanıb və bütün bunlar hərtərəfli düşünülüb. İnanıram ki, vətəndaşlar bunu anlayışla qarşılayacaq və qaydalara əməl edəcəklər.

Biz öz fəaliyyətimizi Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qəbul olunmuş səhiyyə qaydalarına müvafiq qururuq. Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı Azərbaycan hökumətinə dəstək göstərmək üçün ölkəmizə səfərə gəlmişdi. Onlar gördüyümüz işlərlə tanış oldular və bildirdilər ki, ölkəmizdə hətta təşkilatın təklif və tövsiyələrindən əvvəl bütün lazımi tədbirlər görülüb. Ekspert qrupu həyata keçirilən tədbirləri müsbət qiymətləndirdi.

Hazırda səhiyyə işçiləri öz vəzifələrini çox böyük məsuliyyətlə və peşəkarlıqla yerinə yetirirlər. Koronavirus infeksiyasının təyini üçün ayrılmış laboratoriyalar tam gücü ilə işləyir. Həmin laboratoriyalar paytaxtla yanaşı, regionlarda da fəaliyyət göstərir və orada bütün laborator tədqiqatlar dəqiqliklə aparılır”.

Səhiyyə naziri bildirib ki, bu gün bütün dövlət qurumları mövcud vəziyyətdə qüvvələri səfərbər edib. O, koronavirusla mübarizə məqsədilə hər bir sahədə, o cümlədən səhiyyə sahəsində ehtiyat tədbirlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Ehtiyac yaranarsa, çarpayıların sayının artırılması, əlavə xəstəxanaların cəlb olunması nəzərdə tutulub. Hər bir xəstəxanada mütəxəssislərdən ibarət xüsusi briqada yaradılıb ki, ehtiyac olduğu halda, gücləndirilmiş iş rejimində çalışsınlar. Bütün bu məsələlər nəzərdə tutulub. Biz hər şeyə hazırıq. Lakin istəyərdik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın. Son nəticə vətəndaşlardan asılıdır. Hər bir vətəndaş bilməlidir ki, hökumət həmin infeksiya ilə mübarizədə ciddi tədbirlər görür. Onlar qərarlara, tövsiyələrə ciddi yanaşsalar, görülən tədbirlər öz bəhrəsini verəcək. İnsanlar öz sosial məsuliyyətlərini dərk etməli, iradəli və möhkəm olmalıdırlar ki, koronavirus ilə mübarizədən qalib ayrılaq. Yalnız qüvvələri birləşdirərək, hamımız məsuliyyətlə yanaşaraq, bu bəlaya qalib gələ bilərik”, - deyə Oqtay Şirəliyev bildirib.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova