Valyuta.com

Prezident İlham Əliyev: “Bu gün ölkəmizdə tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır”

Prezident İlham Əliyev: “Bu gün ölkəmizdə tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.
Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisəsində yaradılan şərait barədə məlumat verərək bildirib ki, Quba Rayon Mərkəzi Xəstəxanasının 1964-cü ildə istifadəyə verilmiş binası uzun illər təmir işlərinin aparılmaması səbəbindən istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabr ayında başa çatdırılıb. Müasir tibbi avadanlıq quraşdırılmış səhiyyə müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələri yaradılıb, həmçinin LOR, infeksion xəstəliklər, şüa diaqnostikası, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi, həmçinin digər yardımçı sahələr üçün binalar inşa olunub.
Belə müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir.
Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.
Quba şəhərində Mərkəzi Rayon Xəstəxanasının açılması münasibətilə görüş iştirakçılarını təbrik edən ölkə rəhbəri tibb müəssisəsinin həm xarici görünüşünün, həm də daxili tərtibatının və dizaynının çox gözəl və müasir olduğunu, quraşdırılmış tibbi avadanlığın ən yüksək standartlara cavab verdiyini deyib, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcəyinə və onların şəfa tapacağına əminliyini ifadə edib. Azərbaycan Prezidenti vurğulayıb ki, həkimlərin iş yeri məhz belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələrin olduğunu, bütün xəstəliklərin diaqnostika və müalicəsinin mümkünlüyünü qeyd edən dövlət başçısı bir neçə il əvvəl onun təşəbbüsü ilə Qubada Müalicə-Diaqnostika Mərkəzinin yaradıldığını xatırladıb, Quba sakinlərinin bu iki böyük tibb müəssisəsinin imkanlarından istifadə edəcəklərinə əmin olduğunu söyləyib.
Prezident İlham Əliyev bildirib ki, belə müasir xəstəxananın bölgədə yaradılması Azərbaycan dövlətinin siyasətini göstərir: “Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan Şəhər Xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da, böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə kütləvi müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.
Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə və ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir”.
Dövlət başçısı insan sağlamlığını şərtləndirən amillərdən danışıb, onların arasında, sağlam həyat tərzini xüsusi vurğulayıb: “Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.
Yəni biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir”.
Prezident İlham Əliyev həmçinin Quba şəhərinin, rayonunun və ümumilikdə, bu bölgənin inkişafından, burada planlaşdırılan layihələrdən danışıb.
Xəstəxananın kollektivi adından çıxış edən həkim Kəmalə Heybətova dövlət başçısına minnətdarlığını bildirərək deyib: “Bu gün bizim üçün çox əlamətdar bir gündür. Quba Diaqnostika Mərkəzindən sonra rayonumuzda möhtəşəm bir tibb ocağı Sizin xeyir-duanızla istifadəyə verilir. Siz hər bir zaman çalışmısınız ki, dünya tibb sahəsində əldə edilən ixtiralar və yeniliklər Azərbaycanda da tətbiq olunsun. Bu, bir reallıqdır. Təkcə paytaxt Bakımızda deyil, bütün bölgələrdə ən müasir tibbi avadanlıqlarla təmin olunan səhiyyə ocaqları tikilir. Bu gün biz Quba Rayon Mərkəzi Xəstəxanasının timsalında bunun bir daha şahidi oluruq. Buna görə əhalimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, vicdanla işləyəcək, əhalimizə layiqli tibbi xidmət göstərəcək, Sizin insan amilinə verdiyiniz dəyərə layiqli töhfəmizi verəcəyik.
Cənab Prezident, bilirik ki, insanların sağlamlığı Sizin üçün və çox hörmətli Mehriban xanım üçün prioritet bir məsələdir. Biz hər birimiz Sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss edirik. Vətəndaşlarımızın ildə bir dəfə pulsuz tibbi müayinələrdən keçirilməsi buna bariz nümunədir. Tapşırığınıza əsasən aparılan tibbi müayinələr zamanı hətta özünü sağlam bilən bir çox insanda bəzi xəstəliklərin ilkin simptomlarını aşkar etmişik. Əgər bu insanlar vaxtında müayinə olunmasaydılar, daha ağır fəsadlarla üzləşə bilərdilər. Bu xəstəxanada bu cür tibbi müayinələr daha mütəşəkkil və daha yaxşı keçiriləcək. Bu, bir mədəniyyətdir və bu mədəniyyəti bizə Siz aşıladınız. Bunun üçün Sizə bir daha dərin minnətdarlığımızı bildiririk”.
Sonda xatirə şəkli çəkdirilib.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova