Valyuta.com

Sakit Məmmədov: “Alın yazımı alın tərimlə yuyub, yenidən yazdım”

Sakit Məmmədov: “Alın yazımı alın tərimlə yuyub, yenidən yazdım”

Bu dəfə Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, şəxsiyyəti, xarakteri və əsərləri arasındakı qeyri-adi uyğunluqla təəccübləndirən maraqlı insan, dünya şöhrətli sənətkar, Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədovla həmsöhbət olduq.
Onunla bir neçə mərtəbədən ibarət şəxsi emalatxana-muzeyində görüşdük və bir-birindən dəyərli, göz oxşayan əsərlərin əhatəsində söhbət etdik.


Sakit Məmmədov haqqında məlumat
1958-ci ildə Neftçalada doğulub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və İ.Repin adına Leninqrad Rəssamlıq Akademiyasını bitirib.
Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, “Vətən oğlu” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının, Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçının və onlarla digər mükafatın sahibidir.
Dəfələrlə Rusiya, Fransa, Türkiyə, Sinqapur, Belçika, Portuqaliya, Cənubi Koreya, Almaniya, İngiltərə və s. ölkələrdə çoxsaylı sərgiləri keçirilib.


- Azərbaycanda şəxsi muzeyi olan yeganə rəssamsınız. Belə bir məkanı yaratmaq ideyası necə meydana çıxdı?

- Gənc yaşlarımdan qalereyam, muzeyim olması barədə düşünürdüm. Şəxsi muzeyimin olmasını arzulayanda heç evim də yox idi. Təbii ki, məqsədə birdən-birə çatmaq mümkün deyil. Mən anlayırdım ki, insanın öncə özünün yaşamağa evi olmalıdır. Bunun üçün çox çalışmaq, zəhmət çəkmək lazım idi. Hər şey rahatlıqla əldə edilsə, heç nəyin qiyməti, marağı olmaz. Əziyyətlərim çox olub, amma onların öhdəsindən təkbaşıma gəlməyi bacarmışam və nəticə göz qabağındadır. Ataların yaxşı sözü var: “Niyyətin hara, mənzilin ora”. Bu gün mənim Bakıda fərdi sərgi keçirməyimə ehtiyac yoxdur. Əsərlərimi görmək istəyənlər muzeyə gəlirlər. Burada dünyanın bir çox ölkələrindən Vətənimizə təşrif buyuran tanınmış simalar qonaq olublar.
Maraqlı məqam kimi qeyd edim ki, muzeydə dünya şöhrətli cazmen Vaqif Mustafazadənin ağ royalı da var və onun üzərinə buranı ziyarət edən məşhur şəxslər öz imzalarını qoyurlar. Bu ənənəni ilk başlayan isə görkəmli rəssam Tahir Salahov olub. Mən buranı Azərbaycan mədəniyyətinin bir parçası sayıram.

- Hər niyyət edənin niyyətinin mənzilə çatmadığını nəzərə alsaq, sizi şanslı insan saymaq olar?
- Bu fikirlə razı deyiləm. Şans deyilən bir şey yoxdur. İnsan özü şansı yaratmağı bacarmalıdır, əziyyət çəkməlidir, qarşısına çıxan fürsətləri düzgün dəyərləndirməlidir. Zamanı boş yerə xərcləmək olmaz, çünki ondan dəyərli heç nə yoxdur. Hər dəqiqənin öz hökmü var. Heç kim düşünməsin ki, kimsə gəlib onun üçün nə isə edəcək. Edən olmayacaq və, əslində, buna borclu da deyillər. Çalışmaq lazımdır ki, irəliləyəsən.
Mənim özümə çox adamlar bəxti gətirən insan olduğumu deyiblər. Kənardan baxanda bu yerə necə gəldiyim görünmür. Gecə-gündüz bəzən dizimi yerə qoyub, bəzən yeməyi, suyu unudub işlədiyimi, zülmümü görən olmur axı. Hamını aysberqin görünən tərəfi maraqlandırır.
Amma sizin dediyiniz kimi yanaşsaq, bəlkə də, Azərbaycanda yaşayan ən şanssız insanlardan biri mənəm. Ona baxmayaraq, qarşıma çıxan maneələrə, çəkilən sədlərə heç vaxt əhəmiyyət verməmişəm. Ağlımla, zəhmətimlə məqsədə doğru addım-addım, çətinliklərlə irəliləmişəm. Bunu yaxınlarım, doğmalarım da bilir.
Mən ailəmlə, 3 övladımla birlikdə yataqxanada – 17 kvadratmetr sahəsi olan bir otaqda yaşayırdım. Gecələr uşaqlar yatandan sonra qapının girişindəki kiçik dəhlizdə rəsm çəkirdim. Və hər gün özümə söz verirdim ki, ailəmi buradan çıxarıb, ən gözəl şəraitdə yaşadacağam.
Əgər sən düzgün adamsansa, çörəyinə haram qatmırsansa, oğurluqla, rüşvətlə nələrisə qazanmağa çalışmırsansa, zəhmət çəkirsənsə, Allah səni mükafatlandırır, niyyətinə çatdırır.

- Bu istedad sizə ailənizdən keçib?
- Yox. Mən Neftçalada, sadə balıqçı ailəsində doğulub böyümüşəm. Düşünürəm ki, alın yazımda balıqçı olmaq var idi. Amma öz alın yazımı alın tərimlə yuyub, Allahın rəhmi ilə yenidən yazdım. Uşaqlıqdan çoxlu rəsmlər çəkirdim və zaman keçdikcə bunun həvəs deyil, sevgi olduğunu dərk edəndə qarşıma məqsəd qoydum ki, rəssam olacağam. Bakıya gəlib, burada Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirdim. Əsgərlikdən qayıtdıqdan sonra isə Leninqrad Rəssamlıq Akademiyasında təhsilimi davam etdirdim.

- Yaxşı rəssam olmaq üçün təhsil nə qədər önəmlidir?
- Çox önəmlidir. Rəssam olmaq istəyən, ən azından, naturanı doğru-düzgün çəkməyi öyrənməlidir. Mən tələbələrimə hər zaman deyirəm ki, rəssamlıq öyrədilmir, öyrənilir. Hər il Rəssamlıq Akademiyasını yüzlərlə tələbə bitirir. Onların hamısı öyrənirmi?! Bəlkə, 1-2-si rəssam olur. Hər dövrdə 3-5 yaxşı rəssam çıxır. Dünyanın hər yerində belədir.

- Əsərləriniz arasında portretlər üstünlük təşkil edir...
- İnsan Allahın ən böyük möcüzələrindəndir. Onu əks etdirmək isə həddən artıq çətindir. İnsanı, onun daxili dünyasını açmaq nə qədər çətin olsa da, o qədər də maraqlıdır. Deyim ki, hissiyyatım çox güclüdür. Adama baxan kimi onun necə insan olduğunu duyuram. Bəlkə də ona görə portret çəkməyi sevirəm. Heç bir ekstrasens insan haqqında bir portret rəssamından daha artıq fikir deyə bilməz.

- İnsanların daxilini görərək, nə düşündüyünü hiss edərək yaşamaq çətin deyil ki?

- Yox, daha asandır. Çünki əvvəldən necə insan olduğunu bilirəm və ona uyğun davranıram. Mən heç vaxt bu barədə yanılmıram.

- İnsanlarda müşahidə etdiyiniz hansı keyfiyyət sizi daha çox narahat edir?
- Bir dəfə müəllim məndən soruşdu ki, insanda ən pis keyfiyyət hansıdır? Cavab verdim ki, namussuzluq. Dedi, ondan daha pisi paxıllıqdır. Çünki paxıl insan qarşısındakına zərər vermək üçün hər şey edər. Zaman keçdikcə onun sözlərinin həqiqət olduğunu anladım.
Həqiqətən də, paxıllıq elə hissdir ki, insanı inkişaf etməyə, irəli getməyə qoymur. Mən belə şəxslərə fikir vermirəm. Bəzən haqqımda söylədikləri xoşniyyətli olmayan fikirlər qulağıma çatanda da üzlərinə vurmuram. Hətta belə insanlara o qədər yaxşı münasibət göstərirəm ki, öz davranışlarından utanırlar. Bunu etiraf edənlər, “sizi tanımadan, haqqınızda yanlış fikirdə olmuşam” deyənlər də olur.
Ömür çox qısadır. Ona görə çalışıb doğru yaşamaq, bir-birinə kin, nifrət bəsləmədən yaşamaq lazımdır. Məncə, Yer kürəsi 20-30 faiz yaxşı insanların hesabına indiyə qədər məhv olmayıb. Ona görə hər tərəfə yaxşılıq, sevgi toxumu əkmək, xeyirxah olmaq lazımdır ki, insanlıq artsın.
Hər kəs imkanı daxilində ətrafdakı insanlara kömək etməlidir. Yaxşılığı bacarmayanlar isə, heç olmasa, pisliklərindən əl çəksinlər, mənəvi rahatlıq tapsınlar.

- Portretlərinizin qəhrəmanları əsasən qadınlardır...

- Bir dəfə mənə sual verdilər ki, kimlərin portretlərini çəkirsiniz? Cavab verdim ki, gözəl qadınların və ağıllı kişilərin. Dedilər, axı müşahidələrimizə görə, əsərlərinizin arasında kişi portretləri azdır. Bildirdim ki, ağıllı kişilər də azdır, amma gözəl qadınlar çoxdur.
Ancaq mən gözəllik deyəndə qaşı, gözü qəşəng olmağı nəzərdə tutmuram. Allahın yaratdığı hər insan gözəldir. Mən gözəllik yarışmalarının da əleyhinəyəm. Oradakı seçim meyarlarını qəbul etmirəm. Qadının gözlərinin quruluşundan çox, həyata baxışının, daxili dünyasının, qəlbinin, davranışının... gözəlliyi önəmlidir.

- Həyat yoldaşınız sizi işinizə, portretini çəkdiyiniz gözəl qadınlara qısqanmır?
- Yox, qısqanclıqlar olmayıb. Biz ailə quranda çox gənc idik və demək olar ki, o da bu sənətin, boyaların, fırçaların içərisində böyüyüb. Hər zaman bir-birimizi başa düşmüşük, dəstəkləmişik, güvənmişik.
Ümumiyyətlə, ailə çox ciddi və məsuliyyətli məsələdir. Tərəflər arasında sevgi, qarşılıqlı hörmət, inam olmalıdır. Mən hər zaman deyirəm ki, ancaq sevgidən doğulan uşaq xoşbəxt olar.

- Xoşbəxtsiniz?

- Bəli. Birinci ona görə ki, gözəl ailəm, sevdiyim sənətim var. Sadə dillə desək, evdən işə gələndə də sevinirəm, işdən evə gedəndə də. Məni evdə uşaqdan böyüyə hamı həmişə səbirsizliklə gözləyir, evdən bir saat gec çıxanda sevinirlər. Bundan böyük xoşbəxtlik olarmı?!
Bəziləri xoşbəxtliyi var-dövlətdə, yüksək vəzifədə görürlər. Onlar hamısı boş şeydir. Allah boynuma elə gözəl vəzifə qoyub ki, neynirəm başqasını?! Vəzifə təkcə kresloda oturmaq deyil. Xalqına, millətinə, Vətəninə xidmət etməkdir. Mən də bunu fırçamla etməyə çalışıram.

- Əsərlərinizdə insana müsbət enerji verən, pozitiv əhvala kökləyən parlaq rənglər üstünlük təşkil edir.

- Onlar mənim daxili dünyamı ifadə edir. Öz enerjimi əsərlərimə keçirirəm. Heç vaxt müharibəni, ölümü, qan-qadanı, qaranlığı çəkmirəm.
Bir dəfə Türkiyədə olarkən İstanbulun bələdiyyə başqanı rəsmlərimə baxdıqdan sonra mənə dedi: “Əsərlərinizə əsasən düşünürəm ki, sizin heç dərdiniz yoxdur”. Dedim, əlbəttə, var. Dərdsiz insan olmaz. Sadəcə, dərdi özüm çəkirəm, kətana yox. Niyə insanların qanını qaraldım, mənfi yükləyim?! Onsuz da dərdləri boğaza qədərdir.
Məni kimsə hədsiz əsəbləşdirsə belə, 15 dəqiqə sonra başqa biri ilə görüşəndə bunu ona qətiyyən hiss etdirmirəm. Mənfi enerjini nə özüm qəbul edirəm, nə də başqasına ötürürəm.
Tələbələrim də ona görə məndən əl çəkmirlər. Nə sözləri, istəkləri, problemləri, dərdləri olsa, yanıma gəlirlər, mənimlə onlara maraqlı olduğunu deyirlər. Dostlarım da həmçinin. Günündən, saatından asılı olmayaraq, nə vaxt zəng etsəm ki, görüşək, ən önəmli işlərini belə atıb gələrlər.

- Siz bu parlaq rəngli əsərlərinizlə həm də rəssamlıqda yeni cərəyan yaratmısınız...

- Bəli, opalizm dünyada mənim adımla bağlı olan, rəsmi qeydiyyatdan keçmiş cərəyandır. Opalizm sözü opal daşından götürülüb. Qədim yunan dilindən “gözqamaşdıran”, latın dilindən “valehedici görünüş” kimi tərcümə edilən bu mineral daşda mövcud olan rəng çələngi bütün əsərlərimdə var. Bu həm də onu göstərir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən əlavə yeni çalar kəşf edə bilməyib.
Onu da deyim ki, rəssam rəsm çəkərkən hansısa cərəyan haqqında düşünmür. Daxilindən nə gəlirsə, nə hiss edirsə, onu çəkir. Sonradan əsərləri təhlil olunarkən hansısa “izm”ə, cərəyana aid edilir.

- Elə olubmu ki, hansısa əsərinizi satmaq istəməyəsiniz?
- Çox olub. Əsərlərimi hər zaman qız övladına bənzətmişəm. Çünki onlar da başqa ailəyə, fərqli mədəniyyətə köçüb gedir. Qız övladlarının taleyi valideyni necə maraqlandırırsa, əsərlərimin taleyi də məni elə düşündürür. Onları çəkəndə fikirləşirəm ki, görəsən bu, kimin evinə gedəcək, haradan asılacaq, necə saxlayacaqlar?! Bəlkə ata evindən daha yaxşı baxacaqlar, ən görkəmli yerdən asacaqlar, bəlkə kral sarayına, hansısa muzeyə və ya kolleksionerin əlinə düşəcək, bəlkə də sənətə dəyər verməyən bir adamın zirzəmisində atılıb qalacaq, toz basacaq?!

- O zaman əsərlərinizi satarkən də qız atası kimi diqqətli və seçici davranırsınız?

- Mütləq. Bu yaxınlarda bir əsərimi 3 nəfər almaq istəyirdi. Xeyli götür-qoy etdim və onu ən çox layiq olana verdim. Bildim ki, sənəti yüksək qiymətləndirən şəxsdir, həm də əsər onun əlində olsa, çoxlu insanlara göstərəcək.

- Türkiyə Rəssamlıq Akademiyasına sizin adınızın verilməsi ilə bağlı təklifi niyə qəbul etmədiniz?

- Çünki bu təklifi qəbul etsəm, Türkiyədə yaşamalı idim. Azərbaycandan kənarda qala bilmərəm. Mən Vətənimi, xalqımı çox sevirəm. Hətta hansısa səbəbdən yolumu kəsmək istəyən insanları da. Çünki mənim millətimdir, öz qanımdandır.
ABŞ, Avstriya, İsveçrə kimi ölkələrin universitetlərində dərs demək üçün dəfələrlə dəvət olunmuşam. Amma ölkəmdən uzun müddət ayrı qala bilmirəm.

- Bəs, Azərbaycan Rəssamlıq Akademiyasında niyə dərs demirsiniz?
- Akademiyaya daxil olan tələbə istəsə də, istəməsə də, axıra qədər orada təhsil alır, sən də ona dərs deməyə məcbursan. Mən bunu qəbul edə bilmirəm. İstedadlı, sənətə sevgisi olan tələbələrim var və onları heç bir təmənnasız hazırlayıram. İnanıram ki, aralarından bir neçəsi dünya şöhrətli rəssam olacaq. Bu da mənim üçün yetərli göstəricidir.

- Bu gün Azərbaycanda rəssamlıq sahəsində istedadlı gənc nəsil yetişir?

- Əlbəttə. Nə qədər ki, insanlıq var, yaxşı rəssamlarımız olacaq.
Vaxt var idi ki, müəllimlərimiz, yaşlı insanlar deyirdilər ki, bizim vaxtımızda belə deyildi, indiki gənclər çox bacarıqsızdırlar, istedadsızdırlar, məsuliyyətsizdirlər və s. Amma elə oldu ki, onlardan da çox titullar aldım, dünyada onlardan da çox tanındım.
Mənim bir-birindən istedadlı 10 tələbəm var. Onlara həmişə deyirəm ki, çalışsanız, məndən də yaxşı rəssam olacaqsınız. Niyə olmasınlar ki?! Düşünürəm ki, nə qədər bacarırıqsa, gənclərə yol açmalıyıq. Qoy tələbələrimiz bizi geridə qoysunlar. Bu, başımızın ucalığı olar.
Bu gün Azərbaycanda çox gözəl gənclik yetişir və onların işıqlı gələcəyinə, ölkəmizin şöhrətli mədəniyyət xadimləri olacaqlarına inanıram.

- Azərbaycanlı rəssam üçün dünyada tanınmaq, qəbul olunmaq nə dərəcədə asandır?

- Əvvəllər hansısa rəssamın başqa bir ölkədə tanınması, qəbul olunması çox çətin idi və bunun üçün uzun zaman lazım olurdu. Bəzən buna heç zaman da kömək etmirdi. İndi isə sənin çəkdiyin əsəri 1 saniyə içərisində internet vasitəsilə dünyanın bütün qalereya sahibləri görə bilir. Eyni zamanda, bəyənilən əsərlər həm də müxtəlif saytlarda paylaşılır. Bu gün mənim əsərlərimi ABŞ-ın, digər ölkələrin ən çox izlənilən saytlarında paylaşırlar, onları milyonlarla insan izləyir. Ona görə də istedad varsa, mütləq üzə çıxır.
Bəziləri deyirlər ki, insana öləndən sonra qiymət verirlər. Mən bu fikirlə də razı deyiləm. Salvador Dali, Pablo Pikasso və başqaları sağlığında qiymətlərini alıblar.

- Kolleksiyanızda başqa rəssamların da əsərləri var?

- Bəli. Müasir Azərbaycan rəssamlarının – Tahir Salahovun, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, xarici rəssamlardan İlya Repinin və başqalarının əsərləri var.

- Ən çox sevdiyiniz, sizə doğma olan əsəriniz hansıdır?
- Hamısını sevirəm, çünki hər birinə ürəyimi qoymuşam. Amma hər dəfə ən sonuncu əsərə daha fərqli münasibət olur. Evin sonbeşiyi kimi. Sonuncu yeddi parçadan ibarət “Mənim yuxularım” əsəridir. 7 metrlik bir qrafikadır. Onu altı aya çəkmişəm. Rəsmdə Adəm və Həvvadan indiyə qədər hər bir element, dünyanın insana yuxu kimi görünən problemləri, xeyirlə şərin mübarizəsi və s. öz əksini tapıb.

- Bir əsəri çəkməyə adətən nə qədər zaman ayırırsınız?
- İki saata da çəkə bilərəm, 20 saata da, günlərlə də. Amma bu zaman fərqi əsərin keyfiyyətinin göstəricisi deyil. Məsələn, Klod Monenin elə rəsmləri var ki, günlərlə üzərində işləyib, amma 25 dəqiqəyə çəkdiyi mənzərə ən yaxşı əsəri sayılır.

- Hazırda hansı əsər üzərində işləyirsiniz?
- “Toy” rəsmini yekunlaşdırmaq üzrəyəm. Bir müddət öncə Türkiyədə bir toyda iştirak etdim. Orada olan ab-hava o qədər xoşuma gəldi ki, gördüklərimi kətana köçürməyi qərara aldım.

- Müasir dövrdə texnologiyanın yüksək inkişafı, bir çox sahələrdə olduğu kimi, rəssamlıqda da yeni istiqamətlər açır. Elektron rəssamlıq inkişaf edir. Bu tədricən klassik rəssamlığı kölgədə qoymur ki?
- Elektron kitablar çap variantında olanları əvəz edə bilərmi? Eyni həzzi yaşadırmı? Əl xalçaları maşınla hörülənlə eyni tutula bilərmi? Və ya hansısa fotoqraf Rembrandtın, Van Deykin yaratdığı portretləri, oradakı hissləri fotoya çəkə bilərmi? Fotoqraf insanın ancaq bir anını əbədiləşdirir. Rəssam isə portretini çəkəcəyi adamla xeyli söhbət edir, onun üz cizgiləri ilə tanış olur, iç dünyasına nüfuz edir, xarakterini öyrənməyə çalışır və sonda həmin şəxsin bütün daxili aləmini portretə köçürür. Qara Qarayevin xeyli fotoları var, onları Tahir Salahovun çəkdiyi Qara Qarayev portreti ilə müqayisə edə bilərikmi? Rəssam kətana ürəyini, hisslərini, düşüncəsini qoyur. Bu baxımdan klassik rəssamlığı heç bir texnoloji inkişaf gözdən sala bilməz.

- Mətbuatdan bildiyimizə görə, Monika Beluççi sizdən onun portretini çəkmənizi xahiş edib.
- Bəli, artıq həmin portret hazırdır. Yaxın zamanda görüş baş tutacaq və əsəri təqdim edəcəyəm.

- Ümumiyyətlə, hansı tanınmış insanların şəxsi kolleksiyasında əsərləriniz var?

- Vladimir Putinin şəxsi kolleksiyasında 4 əsərim var. Eyni zamanda, Süleyman Dəmirəlin, Rauf Denktaşın, Monika Beluççinin, Patrisiya Kaasın, İn-Qridin, Mirey Matyenin, “Koç qrupu”nun bütün üzvlərinin, Sabancıların, Rusiyanın məşhur simalarından Kasyanovun, Narışkinin, Lujkovun, Dünya Güləş Federasiyanın prezidenti Rafael Martinettinin... Çoxdur belə insanlar.
Qeyd edim ki, hazırda Vatikan Dövlət Muzeyində də əsərim var. Bu, Roma Papası II İohan Pavelin portretidir. Portretdə onun otağında yerdə Qarabağ xalçasını, masasının üstündə isə Tövrat, İncillə yanaşı, Quranı da təsvir eləmişəm. Böyük Britaniya kraliçası II Yelizavetanın 90 illik yubileyi münasibətilə isə ona “Cıdır düzü” əsərini çəkdim və ötən il şəxsən hədiyyə etdik. Bu əsərdə Qarabağ qələbəsini təsvir etmişdim. Dağ başına sancılmış bayraq, Dilbaz atı üzərində xan qızı, Qarabağ atları, xarıbülbül çiçəyi, çövkən oyunu əks olunmuşdu. Hazırda o əsər Vindzor sarayında asılıb.

- Bu şəkildə sanki Qarabağ şikəstəsinin, muğamlarımızın səsi gəlir... Siz rəsm çəkərkən musiqi dinləyirsiniz?
- Bəli. Ümumiyyətlə, mən musiqini çox sevirəm. Əksər musiqi alətlərində ifa edə bilirəm. Amma rəsm çəkərkən Azərbaycan musiqisi dinləmirəm. Çünki əsər üzərində işləyərkən Rəşid Behbudovu, Flora Kərimovanı, Oqtay Ağayevi və digərlərini, muğamlarımızı dinləyəndə istər-istəməz məni rəsmdən uzaqlaşdırır, başqa yerlərə aparır, ovsunlayır. Ona görə çalışıram ki, klassik musiqiləri – əksər hallarda Motsartı, Vivaldini dinləyim. Amma bu yaxınlarda “Bahar qızı” əsərini çəkərkən bahar əhval-ruhiyyəsi yaratmaq üçün şən milli musiqilərin fonunda işlədim və bundan zövq aldım.

- Musiqinin insan sağlamlığına müsbət təsiri ilə bağlı çox eşitmişik. Sizcə, rəsm əsərləri barədə də eyni fikri söyləmək olarmı?
- Əlbəttə. Bununla bağlı sizinlə bir xatirəni bölüşüm. Üç-dörd il əvvəl Moskvada yaşayan bir qadın mənə yazdı ki, sizinlə görüşmək, əsərlərinizdən almaq istəyirəm. Təbii ki, razılaşdıq və o, Bakıya gəldi. Xanımla görüşəndə məni haradan tanıdığını soruşdum. Dedi ki, “Mən güclü stress keçirmişdim və çox ciddi xəstə idim. Həmin dövrdə heç yerdə özümə yer tapa bilmirdim. Bir gün rəfiqəmin evinə getmişdim. Divarda 4 rəsm asılmışdı. Həmin şəkillərdən gözümü ayıra bilmirdim. Öyrəndim ki, sizin əsərlərinizdir. “Çətirin altında uşaq” rəsmində isə sanki özümü, öz uşaqlığımı gördüm. Portretə baxıb ağladım. Rəfiqəmdən onu mənə satmasını xahiş etdim. O bununla razılaşmasa da, 3-4 aylıq evimdən asmaq üçün mənə verdi. Həmin müddəti o əsərlə yaşadım. Hər gün baxırdım. Bu əsər məni sağaltdı”.
Bir də bu yaxınlarda mənə Türkiyədən müraciət etdilər ki, böyük klinika açırıq və sizin əsərlərinizi böyüdüb divarlardan asmaq istəyirik. Təbii ki, bunu rəsmlərin xəstələrə müsbət təsir edəcəyini, onların əhvalını yaxşılaşdıracağını düşünərək asırlar. Və bu təcrübə uzun illərdir ki, var. Amma bəzən xəstəxana divarlarına elə rəsmlər asırlar ki, onlar xəstənin psixoloji durumunun düzəlməsindən çox, pisləşməsinə təsir edə bilər. Ona görə də tibb ocaqlarında xəstəliyə aid yox, gözəl natürmortlar, müsbət əhval, enerji yaradan əsərlər asılsa, yaxşı olar.

- Bayaq tələbələrinizdən danışdınız. Bir az da öz övladlarınız haqqında öyrənək.
- Bir qızım, iki oğlum var. Onlar da mənim tələbələrimdir, hər üçü rəssamdır. Qızım Aynur həm də Azərbaycan Dillər Universitetini bitirib.
Mən tələbələrimi övladlarımdan ayırmıram. Burada ata söhbəti yoxdur, müəllim-tələbə var və hər kəs istedadına görə qazanır.

- Övladlarınızın rəssam olmasında sizin təsiriniz olubmu?
- Mənim təsirim o ola bilər ki, uşaqlıqdan boyalarla, fırçalarla böyüyüblər. Amma sənət seçiminə qarışmamışam, azadlıq vermişəm. Buna baxmayaraq, istedadları olmasa, heç vaxt bu sahəyə yönəlmələrinə imkan verməzdim.

- Sakit müəllim, saysız-hesabsız titullarınızdan adınızın önündə hansını deyəndə sizə daha xoş olur?
- Xarici ölkələrdə “azərbaycanlı Sakit Məmmədov” deyə təqdim edəndə qürurlanıram. Çox vaxt Azərbaycanın adının çəkilməsini özüm təkid edirəm. Digər hallarda isə elə “Sakit Məmmədov”. Bu titulların hamısı sənətimə verilən qiymətdir. Ən önəmli mükafatı isə Allah mənə verib ki, o da istedaddır. Həyatda çox böyük uğurlar qazanmaq olar. Amma ən vacib olan Allaha yaxın olmaqdır. Düşünürəm ki, mən bunu bacarıram.

- Həkimlərimizə nə arzulayardınız?
- Rəssam səhv edəndə kətanı korlayır, həkim isə insan həyatını. Ona görə arzu edirəm ki, əllərindən heç vaxt səhv çıxmasın. Vicdanları ağ xalat kimi təmiz olsun. Həmişə insan həyatını xilas etməyin sevincini yaşasınlar, özləri həkimə möhtac olmasınlar.
Mən bütün xəstələrə də cansağlığı arzulayıram. Çünki dünyada sağlamlıqdan dəyərli heç nə yoxdur.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





İyun 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova