Valyuta.com

İlhamə Quliyeva: “Heç bir ölkənin həkimləri bizim həkimlərə çatmaz”

İlhamə Quliyeva: “Heç bir ölkənin həkimləri bizim həkimlərə çatmaz”

Bu günlərdə kütləvi informasiya vasitələrində Azərbaycanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli sənətkar İlhamə Quliyevanın səhhəti ilə bağlı müxtəlif fikirlər yayıldı. Biz də bu xəbərlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını, İlhamə xanımın hazırkı sağlamlıq vəziyyətini öyrənmək, həmçinin onun özü ilə görüşüb söhbət etmək üçün müalicə olunduğu tibb müəssisəsinə – Mərkəzi Neftçilər Xəstəxanasına getdik.
İlhamə xanımın palatasında öncə onun həkimi – Xəstəxananın Urologiya şöbəsinin mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan ilə danışdıq.


- Rəşad bəy, pasiyentinizin vəziyyətini necə qiymətləndirmək olar? Həqiqətənmi İlhamə xanımın səhhətindəki problemlər KİV-də qeyd olunduğu qədər ciddidir?
- Öncə qeyd edim ki, İlhamə xanım Mərkəzi Neftçilər Xəstəxanasına ayaqlarındakı kiçik yaraların təkrar nəzarətdən keçirilməsi üçün müraciət etmişdi. Müayinələr nəticəsində böyrəklərdə də müəyyən problemlər aşkarlandı. Bir böyrəyinin ölçülərində kiçilmə, digər böyrəyində böyük kista aşkar etdik. Eyni zamanda, başlanğıc mərhələsində böyrək çatışmazlığı diaqnozu qoyuldu. Amma bunlar qorxulacaq, çox təşvişə düşüləcək problemlər deyil, yəni müalicəyə tabe olan xəstəliklərdir.
Biz ümid edirik ki, yaxın gələcəkdə də, uzaq gələcəkdə də İlhamə xanım dializ seansına, böyrək köçürülmə əməliyyatına məruz qalmayacaq. Hədəfimiz budur ki, böyrək çatışmazlığını konservativ yolla müalicə edək. Ancaq gələcəkdə ehtiyac yanarsa, böyrəkdəki kistanın götürülmə əməliyyatı gündəmə gələ bilər. İndi başlanğıc mərhələsində olan böyrək çatışmazlığının müalicəsini aparırıq. Qısa müddət keçməsinə baxmayaraq, artıq müalicənin effektini görürük.
İlhamə xanımın vəziyyəti, böyrəklərinin fəaliyyəti yaxşıdır və artıq qan göstəricilərində də, böyrək funksiya testlərində də, ayağındakı kiçik yaralarında da yaxşılaşma, müsbət dinamika izlənir. Kardioloqlar da onun vəziyyətinin qənaətbəxş olduğunu bildirirlər.
- Qeyd edilən problemlərin yaranma səbəbləri nə ola bilər? Müayinə və analizlərdən sonra bununla bağlı hər hansı qənaətiniz varmı?
- Böyrəyin bu vəziyyətdə olmasının bir çox səbəbləri ola bilər. Ancaq konkret səbəb göstərmək düzgün deyil. Diabet, xroniki infeksiya və s. mümkün faktorlardandır. Hazırda biz səbəbləri araşdırmırıq, diaqnozu təsbit etmişik, bu istiqamətdə müalicə aparırıq və ümid edirik ki, yaxın zamanda böyrəkləri normal vəziyyətə gətirəciyik. Artıq nəticələr də var. Bir sözlə, ciddi, təşvişə düşüləcək hər hansı problem yoxdur. İlhamə xanım özü də bunları təsdiq edə bilər.
- İlhamə xanım, özünüzü necə hiss edirsiniz?
- Buraya gəldiyim günlə müqayisədə çox yaxşıyam, səhhətim düzəlir. Həkimlərin müsbət enerjisi məni sağaldır. Ancaq xəstəxanaya gələndə çox pis vəziyyətdə idim. Həkim səhhətimdə yaranan problemlərin səbəblərini bilməsə də, mən özüm bilirəm.
- Nədir səbəblər?
- Oktyabr ayında mənim ailəmdə çox xoşagəlməz hadisələr baş verdi. Həddən artıq stress, ağır, təhlükəli günlər yaşadım. İl yarımdır köməkçim olan Mehriban Hüseynovanın məni zəhərləmək, damarıma zəhərli iynə vurdurmaq istədiyini, yaddaşımı yox etmək üçün mənə yeməklə müxtəlif psixotrop dərmanlar verdiyini, gözümü kor etməyə çalışdığını öyrəndim. Tanıdığım adamlardan yaddaşımı pozmaq üçün dərman istəyib, deyib ki, huşu çox ayıqdır, lap 15 yaşlı qız kimidir. Onun məni öldürmək istəməsi, bunun üçün zəhərli dərmanlar axtarması ilə bağlı əlimizdə səs yazıları var. Məni robota çevirmişdi, bir ildən artıqdır key kimi, halsız gəzirdim. Ayağımda yaraların əmələ gəlməsi də bişirdiyi mürəbbəyə qatdığı dərmanların təsirindəndir. Ondan mən də, oğlumun dostu da yemişdik, hər ikimizin də ayağında bu yaralar əmələ gəldi.
Bütün dostlarımı məndən uzaqlaşdırmışdı. Nə verilişə, nə də konsertə gedə bilirdim. Bir ildir Kremlin Qurultaylar sarayında konsert planlaşdırırdım, o da alınmırdı.
Bu yaxınlarda məlum oldu ki, bu cani qadın mənim adımdan vəsiyyətnamə yazdırıb, imza çəkdirmək istəyib. Bir əsr qüvvədə olma müddəti qoyduğu bu “sənədlə” evimi, əmlakımı, hər şeyimi öz əlinə keçirmək istəyib. Mənim evimdən külli-miqdarda zinyət əşyaları, 20 min manat da pul oğurlayıb. Həmin pulla vəsiyyətnaməyə mənim saxta imzamı qoydurmağa çalışıb. Xoşbəxtlikdən, onun üz tutduğu qadın yaxşı insan olub. O bizə gəldi və hər şeyi mənə danışdı.
Bu qədər zaman əzraili sinəmin üstündə saxlamışam. İndi isə o, Kürdəxanı həbsxanasındadır.
Hər şey oğlumun dostunun sayəsində açıldı. Mehriban ona inanıb, bütün sirlərini ona açıb, deyib ki, onu zəhərləyib öldürmək istəyirəm. Məni öldürəndən sonra maşının ona verəcəyini, bağı, evləri böləcəyini söyləyib. Oğlan görüb ki, bu cəfəng şeylər danışır, hamısını yazıb. Bütün bu faktları hüquq-mühafizə orqanlarına təqdim etmişik.
- Aparılan müayinələrdən sonra bədəninizdə sağlamlığınıza təhlükə yaradan həmin dərmanlar aşkarlandı?
- Bilirsiniz, mənim çəkdiklərimdən həkimlərin xəbəri yoxdur axı. Bunları mən yaşamışam. Həmin qadın səhhətim daha da pisləşsin deyə, ayağımdakı yaraların içərisinə evimdə saxladığım pişiyin tükünü qoyurmuş. Həkimlər bunlardan xəbərsizdir.
- Əminik ki məhkəmə bütün bu müşküllərə aydınlıq gətirəcək. Bir az da başqa şeylərdən danışaq. Ümumiyyətlə, sağlamlığınıza diqqət edən insansınız?
- İndi həkimlər də, özüm də sağlamlığıma çox diqqət edirəm. Burada mütəxəssislərin hər dediyi ilə razılaşıram. Savadlı uroloq Rəşad həkim və onun komandası mənə ciddi nəzarət edir. Amma evdə yox, həmişə nə istədimsə, etmişəm, ürəyimdən keçəni yemişəm, fikirləşməmişəm ki, bu olar, ya olmaz. Mən qurmanam, dadlı yeməkləri sevirəm. Evdə yeməklərimi də həmişə özüm bişirirəm.
- Sağlamlığına biganə yanaşan İlhamə xanım səsini necə, qoruyurmu?
- Sənətimlə bağlı özümə hər zaman qadağalar qoymuşam. Səs tellərimi qorumağa çalışmışam. Məsələn, konsertim olacaqsa, səsyazma studiyasına gedəcəyəmsə, səsimi korlaya bilən şeyləri yeməmişəm. Lazımi diqqəti göstərdiyim üçün səsim hər zaman yerindədir.
- Bəzi insanlar müalicə üçün xarici ölkələrə üz tuturlar. Təbii ki, sizin də bu cür seçim etmək imkanınız var idi. Ancaq ürək əməliyyatınızı da, hazırkı müalicənizi də öz həkimlərimizə etibar etdiniz...
- Çünki həkimlərimizə çox güvənirəm. Ürəyimdəki problemlə əlaqədar mənə təklif olundu ki, əməliyyat üçün Türkiyə, Almaniya kimi ölkələrdən birini seçə bilərəm. Dövlətim mənə bununla bağlı hər cür şərait yaradırdı. Amma mən öz həkimimi tapmışdım. Rəşad Mahmudov ürəyimdə 8 saat əməliyyat etdi və heç bir problem olmadı. Hətta bu gün belə bir əməliyyat keçirdiyimi hiss etmirəm. Mənim dədəm, babam Almaniyada, Türkiyədə müalicə olunub? Heç bir ölkənin həkimləri bizim həkimlərimizə çatmaz. Mən öz ölkəmdə rahatam. Hörmətli nazirimiz Oqtay Şirəliyevin səhiyyəmizin inkişafı üçün elədiklərindən, yaratdığı qayda-qanundan çox razıyam. Leyla xanım Seyidbəyovanın rəhbərliyi ilə çox yüksək səviyyədə fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasında sağlamlığımın güvənli əllərdə olduğunu hiss edirəm. Buranın nizam-intizamlı, səliqəli, diqqətli personalından hədsiz razıyam. Mənim burada başqa şəxsi həkimim də var – Hikmət Qarayev. Əsəb xəstəlikləri ilə məşğul olan çox gözəl mütəxəssisdir, nevropatoloqdur. Mən hər zaman bu problemlə əlaqədar onunla məsləhətləşirəm, onun hər bir məsləhəti mənim üçün çox önəmlidir. Mən burada özümü çox rahat – xəstəxanadakı kimi yox, istirahətdə olan kimi hiss edirəm.
- İlhamə xanım, sənəti insanlara sevinc bəxş etmək olanlar çox vaxt xoşbəxt, şən görünsələr də, onların daxili dünyaları ilə maraqlandıqda əksər hallarda bundan fərqli – kədərli insanlar olduqlarını görürsən. Bəs, pozitiv xanım İlhamə Quliyeva özü ilə baş-başa qalanda necə olur?
- Mən hər zaman yüksək əhval-ruhiyyəli, pozitiv insan olmuşam. Tamaşaçılarım qarşısında da, tək olanda da. Hətta həyatımdakı ən faciəvi günlərdə belə, depressiyaya düşməmişəm.
- Bağışlamağı bacarırsınız?
- Bəli, həyatda o qədər insanlar olub ki, dəfələrlə səhvə yol veriblər, onları bağışlamışam. Ancaq il yarım çörək verdiyim, bununla belə, məni öldürmək istəyən, xəstə salan qadını bağışlasam, Allah məni bağışlamaz. Təkcə oğurluq etsəydi, bunu keçərdim. Deyərdim, eybi yox, ehtiyacı olub yəqin.
- Yəni bu qədər humanist, insansevərsiniz?
- İnsanları sevirəm. Xalqımı, dövlətimi, bayrağımı sevirəm. Hər zaman millətimin qarşısında baş əyirəm. Mənim sənətim insanlara, xalqıma məxsusdur. Bu gün mənim üçün göydə Allahım, yerdə xalqım, dövlət başçım – İlham Heydər oğlu Əliyev və onun silahdaşı Mehriban xanım Əliyevadır. Fəxr edirəm ki, belə Prezidentim və onun bu cür savadlı xanımı var.
- Özünüzün hansı cəhətinizdən razısınız? Narazı olduğunuz, dəyişmək istədiyiniz xüsusiyyətiniz varmı?
- İnsan özü dürüst, pak olanda ətrafında hamını o cür bilir, ona görə hər kəsə etibar edir. Ancaq başıma gələn son hadisələrdən sonra başa düşdüm ki, diqqətli olmaq lazımdır, hər adama inanmaq, hamını özünə yaxın buraxmaq olmaz. Elə adamlar var ki, sənin üzünə gülürlər, başını çevirən kimi arxanca danışırlar, əleyhinə işlər görürlər. Artıq çox dəyişmişəm, indi belə qeyri-səmimi insanlara inanmıram. Bu hadisələrdən sonra evimin hər yerində kameralar qoydurmuşam.
Bir də çox tez əsəbiləşən insanam. O an bir “partlayış” edə bilərəm, amma 5 dəqiqə sonra sakitləşirəm, kinli deyiləm.
- Dindarsınız?
- Allaha çox inanıram. Mən Allahla söhbət edirəm, gündə səksən dəfə onun adını anıram, Allahla oturub-duran adamam. Həyatda nə istəmişəmsə, arzulamışamsa, Allah onu mənə qismət edib.
Mirmövsüm ağaya çox inanıram. Hər zaman onun evini ziyarət edirəm, gedib onun evində çay içirəm, kreslosunda otururam... İndi əhd etmişəm – yaxşı olum, yenə gedəcəyəm, onun kreslosunda oturacağam və sağlamlığımı daha çox bərpa edəcəyəm.
İki dəfə Məşhəd ziyarətində olmuşam, orada mənə verilən rəsmi diplomum da var. Niyə Həcc ziyarətinə getmədiyimi soruşurlar. Deyirəm ki, hələ hazır deyiləm. Oğlum namaz qılır, mən də namaz qılacağam. Sadəcə, özümü buna tam hazır hiss edəcəyim günü gözləyirəm.
- Alın yazısına inanırsınız?
- Çox inanıram. Kimin alnına nə yazılıbsa, onu da yaşayır.
- Sizcə, sənətiniz sizin alın yazınız idi?
- Bəli. Valideynlərim istəmirdi mənim sənətdə olmağımı. Anam deyirdi ki, bu, qadın üçün çox ağır, keşməkeşli peşədir. Xanım sənətçinin normal şəxsi həyat qurmasının çətin olduğunu bildiyi üçün buna etiraz edirdi. Elə anamın istəyi ilə də universitetə qəbul oldum. Amma mənim alın yazımda musiqi sənəti varmış ki, bu gün o kimliklə qarşınızdayam.
- Sonradan sənət seçiminizə görə peşmanlıq hissi yaşamadınız ki?
- Yox, peşman deyiləm. Sadəcə olaraq, indi bir az zaman dəyişib, insanların zövqü dəyişib. Bir az belə şeyləri görmək insanı incidir. Amma məni əvvəl də, indi də hər kəs, uşaq da, gənc də, orta yaşlı da, qoca da sevir. Səhhətimdə bir balaca dəyişiklik olanda xalq ayaq üstə qalxır.
- Həyatda və sənətdə özünüzü xoşbəxt qadın hesab edirsinizmi?
- Biz heç birimiz tam xoşbəxt deyilik. Düzdür, elə insanlar var ki, deyirlər “mən xoşbəxtəm”. Amma bu, mümkün deyil. Biz öləcəyimizi bilə-bilə necə xoşbəxt ola bilərik? Hamımız ölümə doğru gedirik. Deməli, ancaq xoşbəxt məqamlar, dəqiqələr, saatlar yaşaya bilərik. Xoşbəxtlik daimi deyil.
- Onda sualı başqa cür qoyaq – Həyatınızın çox hissəsi xoşbəxt məqamlardan ibarət olub, yoxsa kədərli?
- Əlbəttə ki, xoşbəxt məqamlardan. Mən ulu öndər Heydər Əliyev tərəfindən Əməkdar artist, Xalq artisti adları, “Şöhrət” ordeni ilə təltif edilmişəm. Onun hakimiyyəti dövründə özümü şəxsiyyət kimi, sənətkar kimi təsdiqləmişəm. Sonra ümummilli liderimizin layiqli davamçısı İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunmuşam.
Tükəzban xanım, Həbib müəllim kimi böyük sənətkarların ailəsinin bir damlasıyam. Valideynlərimlə gözəl günlər yaşamışam. Evimizdəki sənət akademiyasında təhsil almışam. Çox gözəl, çiçəklənən ölkədə yaşamışam və yaşayıram... Bütün bunlar həyatımın çox xoşbəxt məqamlarıdır.
- Avropa Oyunları kimi möhtəşəm tədbirdə olimpiya məşəlini daşıyan sənətkarlar arasında siz də var idiniz. O zaman bunu müzakirə edənlər, müxtəlif fikirlər səsləndirənlər oldu...
- Mən ölkə rəhbərinin və onun ailəsinin məşəl apardığı ərazidən məşəl aparmışam. Bu, böyük xoşbəxtlikdir. Bəli, bunu çoxları qısqandı o vaxt. Deyirdilər niyə İlhamə Quliyeva? Bu sualı verənlər anlamırdı ki, hər adamın məşəl daşımağa, onu qaldırmağa mənəvi gücü yetməz. Siz xalqıma, dövlət başçıma mənim qədər xidmət etməmisiniz axı.
Dövlət başçısı bilir ki, lazım olsa, mən onlar üçün ölümə də gedərəm. Prezidentim səhhətimin bu vəziyyətində mənə desə ki, silah götür, səngərə get, ermənilərə qarşı döyüş, tərəddüd etmədən gedərəm. Bilirəm ki, bunu etsəm, ölə də bilərəm, amma o cür ölüm də şərəflidir. Mən Ali Baş Komandanın əsgəriyəm. Bunu dövlət başçısı da, məni yaxından tanıyan hər kəs də çox gözəl bilir.
İlhamə Quliyeva eyni zamanda yarım əsrdir səhnədə olan sənətkardır. Bir igidin ömrünü səhnədə çalışmışam. İki əsrin sənət nümayəndəsiyəm. Allah ömür versə, hələ bu qədər də xalqıma xidmət edəcəyəm.
Bütün bunlar əslində məşəl daşımaq üçün seçilənlərdən birinin niyə məhz İlhamə Quliyeva olmasının cavabıdır.
- Sizə “güclü qadın” demək olarmı?
- Əlbəttə, çox güclü qadınam. Həm də görün nə qədər yaxşı insanam ki, Allah özü məni hifz edir.
- Amma güclü və ya zəifliyindən asılı olmayaraq, hər kəsin müəyyən qorxuları olur. Siz nədən qorxursunuz?
- Ancaq Allahdan. Allahdan başqa heç kimdən və heç nədən qorxmuram. Ona görə Allaha xoş gəlməyəcək davranışlar etməməyə çalışıram. Hər şeyi Allaha görə edirəm ki, məndən razı qalsın. İnsanlar həyatlarını elə yaşamalıdırlar ki, onlar dünyadan köçəndə arxalarınca rəhmət desinlər. Mən də bunu arzulayıram.
- Gənclərimizə tövsiyələriniz varmı?
- Tövsiyəm odur ki, sənətlə bağlı düzgün seçim etsinlər. Yalnız istedadları varsa, sənətə gəlsinlər. İndi yağışdan sonra çıxan göbələk kimi, istedadsız insanlar sənətə axışır. Belələrinin sayı həddən artıq çoxdur. Əsl sənətkar isə çox azdır, cəmi beş nəfərini saya bilərəm.
- Sonda həkimlərimizə arzularınızı eşitmək istərdik?
- Vətənin, bir-birlərinin qədrini bilsinlər, torpağı, bayrağı, dövlət başçısını sevsinlər. Hər zaman insanlara şəfa bəxş etsinlər. Heç zaman Azərbaycanın vətəndaşları olduqlarını unutmasınlar.

Q.NURİYEV, Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova