XXI əsrin kənd xəstəxanası

XXI əsrin kənd xəstəxanası
Masallı rayonunda iki kənd xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. Boradigah qəsəbəsində və Kalinovka kəndində hər biri 15 çarpayılıq olan ikimərtəbəli xəstəxanalar yüksək standartlara uyğun təmir edilib, həmçinin xəstələrin müalicəsi və xəstəliklərin profilaktikası üçün müasir tibbi avadanlıqla təchiz olunub.
Xəstəxanaların açılışında iştirak edən Milli Məclisin 71 saylı Masallı kənd seçki dairəsindən deputatı Elmira Axundova AzərTAc-ın müxbirinə müsahibəsində deyib ki, bu səhiyyə ocaqları regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq tamamilə yenidən qurulub. Xəstəxanalarda ən son tibbi avadanlıqla təchiz olunan otaqlar, USM və rentgen aparatları, müasir laboratoriyalar, doğum şöbəsi və s. kənd əhalisinə yüksək xidmət göstərməyə imkan verir. Ümumilikdə 25 yaşayış məntəqəsinin 50 mindən çox sakininə xidmət göstərəcək sahə xəstəxanalarında ilkin tibbi yardım, peyvənd, stomatoloji, ultrasəs müayinə və digər kabinetlər fəaliyyət göstərəcək. Bundan sonra sakinlərin müalicə və müayinə üçün nə rayon mərkəzinə, nə də Bakıya getməsinə ehtiyacı qalmayacaq. Ən vacib məsələ olan kənd həkimlərinin ixtisas səviyyəsinin artırılması, onların təcrübəsinin yeni bilik və bacarıqla zənginləşdirilməsi sahəsində də işlər görülür. Səhiyyə Nazirliyi bölgə həkimlərini təkmilləşmə kursları keçmək üçün Bakıya və xaricə göndərir. Məqsəd odur ki, kənd sakinləri ancaq yeni açılmış bu xəstəxanalarda müalicə olunsunlar, həmin tibb ocaqlarında çalışan həkimlərə etibar etsinlər.
Elmira Axundova bildirib ki, Masallı şəhərindəki Mərkəzi Rayon Xəstəxanasının təmir və təchizat işləri də yekunlaşmaq üzrədir: “Bu tibb ocağının açılışından sonra masallılılara göstərilən xidmətin dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Xəstəxanada böyrək çatışmazlığından əziyyət çəkənlər üçün dializ mərkəzi açılacaq və bundan sonra xəstələr hemodializ üçün hazırda bu məqsədlə üz tutduqları Lənkərana və Cəlilabada getməli olmayacaqlar. İndi Masallıdan bir neçə həkim Türkiyədə təlim keçir. Əlbəttə, onlar geri qayıdandan sonra rayon əhalisinə keyfiyyətli tibbi xidmət göstərəcəklər”.
Masallıda bir sıra mürəkkəb göz əməliyyatlarının da aparıldığını diqqətə çatdıran Elmira Axundova deyib: “Son vaxtlara qədər gözün eksimer-lazer korreksiyasını və ya qlaukoma kimi çətin əməliyyatı Azərbaycan həkimlərinin rayon xəstəxanasında həyata keçirəcəyini təsəvvür etmək çox çətin idi. Amma bu gün bunlar dövrümüzün reallıqlarıdır. Bu və ya digər göz əməliyyatları akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialında uğurla həyata keçirilir”.
Milli Məclisin deputatı bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də müşahidə olunan bütün bu nailiyyətlərin ölkə rəhbərliyinin uğurlu sosialyönümlü siyasətinin nəticəsi olduğunu, bunun da heç şübhəsiz əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldildiyini vurğulayıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova