Bakıda gənc oftalmoloqlar bir araya gəldilər
Bakıda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların artıq ənənə halını alan konfransı keçirilib.
Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələrinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqların iştirak etdiyi konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin oftalmologiya üzrə baş mütəxəssisi Elmar Qasımov son onilliklərdə oftalmologiyanın dinamik inkişafda olan tibb sahələrindən biri olduğunu bildirib. Qeyd edib ki, bu konfrans həm diaqnostika metodlarının sürətlə təkmilləşməsi, həm də yeni cərrahi və farmakoloji müalicə vasitələrinin oftalmoloji praktikaya tətbiqi baxımından gənc həkimlər üçün faydalı olacaq.
Toplantıda oftalmologiyanın son nailiyyətlərinə həsr olunan 18 elmi məruzə dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Konfransın materialları “Oftalmologiya” jurnalında çap olunacaq.