Türk ərzaqlarında sağlamlıq üçün təhlükəli maddələr tapılıb
Türkiyənin Səhiyyə Nazirliyi və Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyinin apardıqları laborator analizlər nəticəsində bu ölkədə bir sıra firmaların istehsal etdiyi məhsulların müəyyən partiyalarının tərkibində insan sağlamlığı üçün təhlükə törədən maddələr aşkarlanıb.
İçində zərərli maddələr müəyyən edilən ərzaqların siyahısında ət məhsulları üstünlük təşkil edir. Buraya həmçinin dənli bitkilər, yağ və ağartı məhsulları da daxildir. Mütəxəssislər tərəfindən alıcılara mağazalardan alınmaması məsləhət görülən məhsullar siyahısında “Canpetek” süzmə çiçək balı, “Selin” Riviera zeytun yağı, “Sadıkoğlu” bulğuru, “Uçan ayı” enerji içkisi, “Güryaşam” yoğurtu, “Günaydın” süd qaymağı, bəzi firmaların dana qiyməsi, pide əti, lahmacun əti, Adana kabab əti, sucuq, tam yağlı tulum pendiri, salamura tulum pendiri kimi məhsulların adları var. Türkiyə mətbuatında həmin məhsulları istehsal edən şirkətlərin məsuliyyətə cəlb olunması barədə də xəbər yer alıb.
Azərbaycan mətbuatında isə Türkiyədə tərkibində zərərli maddələr aşkarlanan məhsulların ölkəmizə də idxal edilməsi barədə məlumatlar yayılıb. Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi Sanitar Karantin Müfəttişliyinin şöbə müdiri Yadulla Balışova müraciət etdik. Y.Balışov Türkiyədə istifadəsinə qadağa qoyulmuş məhsulların müvafiq seriyalarından olan malların ölkəmizə idxalı ilə bağlı bu qurumda
heç bir faktın olmadığını, belə halların aşkarlanmadığını dedi.