MOM-də şüa müalicəsi üçün müasir universal sistem quraşdırılıb
Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq, hazırda ölkəmizdə onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, Milli Onkologiya Mərkəzində (MOM) şüa müalicəsinin aparılması üçün ən müasir universal “TrueBeam™ STx” aparat sistemi quraşdırılıb.
Bu barədə məlumat verən MOM-nin Şüa müalicəsi şöbəsinin rəhbəri, Əməkdar Elm Xadimi, professor İsa İsayev bildirib ki, aparatın mərkəzdə quraşdırılmasına bu ilin yanvarından başlanıb. Eyni zamanda, bu texnologiya ilə işləməyi bacaran kadrların (həkim, mühəndis, fizik, texniklər) hazırlanması istiqamətində də intensiv işlər aparılıb. Noyabr ayında isə “TrueBeam” sisteminin açılışı olub və burada ilk xəstəyə radioterapiya aparılıb.
Açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev dövlət başçısının sosial yönümlü siyasəti sayəsində Azərbaycanda onkologiya sahəsində əldə olunan nailiyyətlərdən danışıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və kadr hazırlığı istiqamətində görülmüş işlər barədə məlumat verib. Akademik Cəmil Əliyev tibb işçilərinə işlərində uğurlar arzulayıb.
Professor İ.İsayevin sözlərinə görə, ABŞ-da istehsal olunan “TrueBeam” aparatı bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistemdir və bu müalicənin bütün müasir metodlarla (2D, 3D distansion şüa müalicəsi, İMRT, rapidarc, stereotaktik radiocərrahiyyə və radioterapiya) aparılmasına imkan verir. Bu rəqəmsal idarəetməli avadanlıq vasitəsilə hətta 3 mm ölçüdə şişləri müalicə etmək mümkündür.