Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Ümumdünya diabetlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) V.Vasilenko adına Daxili Xəstəliklərin Propedevtikası Klinikasında Şəkərli diabetlə mübarizə günü təşkil edib.
BMDTU-nun Endokrinologiya kafedrasının müdiri, professor Valentin Fadeyev tədbiri açaraq qeyd edib ki, hər il Ümumdünya Diabetlə Mübarizə günü bu xəstəliklə əlaqədar müəyyən mövzuya həsr olunur. 2014-2016-cı illərdə bu günün mövzusu “Sağlam həyat tərzi və şəkərli diabet”dir.
Toplantıda RAGB-nin nümayəndəsi Samir Əliyev iştirakçılara uşaqlarda diabet problemindən danışıb. O qeyd edib ki, dünyada “gənclərin diabeti” adlandırılan I tip şəkərli diabet xəstələrinin sayı artır. O həmçinin şəkərli diabetlə mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini xüsusi vurğulayıb.
BMDTU-nun tələbələri olan RAGB üzvləri Uşaq endokrinologiya şöbəsinin müdiri Alisa Vitebskaya ilə birlikdə oyun formasında balaca pasiyentlərə şəkərli diabet zamanı özünənəzarət qaydalarını izah ediblər. Sonra uşaqlar üçün müxtəlif müsabiqələr və oyunlar keçirilib.
Tədbirin sonunda RAGB-nin nümayəndələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibb müəssisəsinə məişət texnikası, uşaqlara isə hədiyyələr təqdim ediblər.
Klinikanın rəhbərliyi RAGB-nin sədri Leyla Əliyevaya, habelə Diabetlə mübarizə günü tədbirinin təşkilində və keçirilməsində fəal iştirak edənlərə minnətdarlığını bildirib.