Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər çərçivəsində Gəncə şəhərində görkəmli dövlət və elm xadimi, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında müstəsna xidmətləri olan professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səhiyyə və tibb elminin nümayəndələri, alimlər, həkimlər, institutun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.
İnstitutdan verilən məlumata görə, tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək konfransın Gəncə şəhərində keçirilməsinin əhəmiyyətini vurğulayıb, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərindən bəhs edib, onun zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının, çoxşaxəli fəaliyyətinin və ideyalarının təbliğinin vacibliyini qeyd edib. Həmçinin belə elmi tədbirlərin səhiyyə mütəxəssisləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, elmi əlaqələrin möhkəmləndirilməsinə və regionlarda tibbi xidmətin inkişafına töhfə verdiyini bildirib.
Əziz Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Pənahov çıxışında xalqımızın öz tarixinə və Vətəninə sədaqətlə xidmət etmiş görkəmli şəxsiyyətlərin xatirəsinə daim ehtiramla yanaşdığını vurğulayıb, Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və tibb təhsilinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, Əziz Əliyevin rəhbərliyi dövründə institutun fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənib, yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadr hazırlığı təkmilləşdirilib, müəssisə mühüm elmi-tibbi mərkəzə çevrilib. Onun zəngin elmi irsi, milli tibbi kadrların yetişdirilməsinə və səhiyyənin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.
Bildirilib ki, 1962-ci ildə instituta Əziz Məmmədkərim oğlu Əliyevin adının verilməsi onun tarixi xidmətlərinə göstərilən yüksək ehtiramın ifadəsidir. Görkəmli şəxsiyyətin əsasını qoyduğu elmi-pedaqoji ənənələrin bu gün də davam etdirildiyini qeyd edən rektor tibbi təhsilin müasirləşdirilməsi, elmi fəaliyyətin inkişafı və yüksəkixtisaslı həkim kadrlarının hazırlanmasının institutun əsas prioritet istiqamətləri olduğunu diqqətə çatdırıb. O, yubiley konfransının Gəncə şəhərində, bölgənin tibb ictimaiyyətinin iştirakı ilə keçirilməsinin elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Konfrans çərçivəsində Əziz Əliyevin zəngin həyat və fəaliyyət yoluna, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına verdiyi töhfələrə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirin elmi hissəsində müasir tibbin aktual istiqamətlərini əhatə edən məruzələr təqdim olunub.
Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Həsən Əsədov üz-çənə nahiyəsinin müxtəlif anomaliyalarının müasir plastik və rekonstruktiv cərrahiyyə üsulları ilə bərpası, Plastik və rekonstruktiv cərrahiyyə kafedrasının müdiri, dosent, tibb elmləri doktoru Məhəmməd Davudov baş-boyun onkoloji cərrahiyyəsində müasir rekonstruktiv yanaşmalar, Terapiya kafedrasının professoru, tibb elmləri doktoru İsax Mustafayev xroniki ürək çatışmazlığının diaqnostikası, müalicəsi və proqnozlaşdırılması sahəsində müasir yeniliklər, Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev burun tənəffüsünün pozulmasının müasir müalicə strategiyaları və innovativ yanaşmaları, Kardiologiya kafedrasının assistenti Fərid Əliyev aritmologiya sahəsində yeni texnologiyalar və müasir müalicə imkanları barədə məruzələrlə çıxış ediblər.
Müasir diaqnostika və müalicə üsulları, innovativ texnologiyaların klinik praktikaya tətbiqi, multidisiplinar yanaşmalar və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş







