Azərbaycanda ilk dəfə I Milli Leyşmanioz Konfransı keçirilib

Bakıda “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidisiplinar yanaşmalar” mövzusunda I Milli Leyşmanioz Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans müxtəlif ölkələrdən dəvət olunmuş qonaqları, Azərbaycan alimlərini, həkimlərini, laboratoriya mütəxəssislərini və səhiyyə sahəsinin nümayəndələrini bir araya gətirib.
Tədbirdə leyşmaniozun epidemiologiyası, klinik xüsusiyyətləri, müasir laborator diaqnostikası, müalicə strategiyaları və profilaktikası ilə bağlı aktual elmi-praktik məsələlər müzakirə edilib. Eyni zamanda, xəstəliklə mübarizədə multidisiplinar əməkdaşlığın və müasir elmi yanaşmaların əhəmiyyəti diqqət mərkəzində olub.
I Milli Leyşmanioz Konfransı xəstəliyin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm elmi platforma rolunu oynayıb.
Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev AZƏRTAC-a açıqlamasında deyib ki, Azərbaycanda leyşmanioz xəstəliyinə qarşı mübarizə və maarifləndirmə tədbirləri çərçivəsində keçirilən ilk milli konfrans böyük əhəmiyyət kəsb edir. Bu xəstəliyin dünyada 50-yə yaxın ölkədə rast gəlinməsinə baxmayaraq, mövcudluğu və yayılma dinamikası fövqəladə dərəcədə qorxuludur. Xəstəlik hallarının hər gün artması və ölkəmizə çoxlu sayda turistlərin gəlişi nəzərə alındıqda, bu vəziyyət turizm sektoruna da böyük zərbə vura bilər.
İnstitutun direktoru bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı leyşmaniozu "unudulmuş xəstəliklər" siyahısına daxil edib: “Bu xəstəlik əsasən kasıb bölgələrdə qeydə alındığı üçün həmin ərazilərə kifayət qədər iqtisadi yatırım olunmurdu. İş adamları və aidiyyəti qurumlar investisiya qoymamaq üçün bu problemi diqqətdən kənarda saxlayırdılar. Lakin hazırda xəstəlik yenidən baş qaldıraraq ən aktiv mərhələyə keçib. Konfransın keçirilməsində əsas məqsəd bu təhlükəni geniş ictimaiyyətə çatdırmaq, "Ölkədə belə bir təhlükə və məsələ var, özünüzü leyşmanioza görə yoxlatdırın" mesajını əhaliyə ötürməkdir. Hər hansı bir xəstənin əlində, qolunda və ya bədənində digər səbəbi bəlli olmayan yara əmələ gələndə ilk ağlagələn ehtimal leyşmanioz olmalıdır. Xəstəliyin doğru diaqnostikası Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda aparılır. Uzun illər ərzində Azərbaycanda bu institut bu sahədə çox dəyərli alimlər yetişdirib, hazırda onların nəsli və davamçıları bu vacib işi uğurla davam etdirirlər".
Qeyd edək ki, I Milli Leyşmanioz Konfransı çərçivəsində elmi konfransın bir neçə panel iclası ilə yanaşı, “Azərbaycanda leyşmaniozla mübarizənin milli vahid sağlamlıq strategiyası” adlı dəyirmi masa, həmçinin Tibbi Profilaktika İnstitutunda təlim proqramı da keçirilib.
Tədbir Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən akkreditasiya olunub, elmi konfrans 11, təlim 6 bal olmaqla, cəmi 17 Davamlı Tibbi Təhsil balı ilə qiymətləndirilib.

Xəbəri paylaş







