Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Səhiyyə Nazirliyi və Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, pulmonologiya və ftiziatriya sahəsində müasir elmi və klinik yanaşmaları müzakirə etmək, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsini gücləndirmək məqsədi daşıyan tədbirdə Türkiyə, Özbəkistan və Ukraynadan olan qonaqlar, yerli alimlər, pulmonoloqlar, torakal cərrahlar, ftiziatrlar, digər ixtisaslar üzrə həkimlər və laboratoriya mütəxəssisləri iştirak ediblər.
Konfransda çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bildirib ki, son illərin epidemioloji mənzərəsində yoluxucu xəstəliklərdən qeyri-infeksion xəstəliklərə doğru ciddi keçid müşahidə olunur. O qeyd edib ki, qlobal miqyasda orta ömür uzunluğu son illərdə 73-74 il olduğu halda, Azərbaycanda 2025-ci ilin sonuna bu göstərici 77 ili ötüb. Bununla yanaşı, ömür uzunluğunun artması ilə bərabər, əlavə qazanılan illərin nə dərəcədə sağlam yaşandığı da nəzərə alınmalıdır. Şöbə müdirinin sözlərinə görə, 2023-cü ildə dünyada ümumi ölüm hallarının 74 faizi qeyri-infeksion xəstəliklərin payına düşüb. 2020-ci ildə bu göstərici 58 faiz təşkil edib. Azərbaycanda da qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artır. Həmin xəstəliklər sırasında ürək-damar, onkoloji və tənəffüs sistemi xəstəlikləri xüsusi yer tutur. Ramik Quliyev qeyri-infeksion xəstəliklərin yükünün artdığı şəraitdə ağciyər xəstəliklərinin və ağciyər sağlamlığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova ağciyər sağlamlığının qorunmasının yalnız tibbi deyil, həm də ictimai səhiyyə məsələsi olduğunu qeyd edib. O bildirib ki, bu istiqamətdə profilaktika, erkən aşkarlanma və vaxtında diaqnostika, eləcə də xəstəliklərin müalicəsi əsas əhəmiyyət daşıyır. Profilaktik tədbirlərə tibbi xidmətlərə bərabər səviyyədə əlçatanlıq, sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma, gigiyena qaydalarına əməl olunması və peyvəndlər daxildir. Töhfə Cəmilova ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin, bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının, gənc kadrların bölgələrdə fəaliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib. O, ilkin səhiyyə müəssisələrində erkən diaqnostika üçün müasir texnologiyaların əlçatan olmasının da əhəmiyyətini vurğulayıb. Müşavir xroniki tənəffüs xəstəliklərinin müalicəsində reabilitasiya, davamlı dəstək, tibbi xidmətlərin ardıcıllığı və fasiləsizliyinin təmin edilməsinin vacib olduğunu bildirib.
Ətraf mühitin sağlamlığa təsirinə də toxunan Töhfə Cəmilova havanın çirklənməsinin, qapalı məkanlarda çirkli hava ilə nəfəs almağın və ictimai obyektlərdə tütün tüstüsünün ağciyər sağlamlığı baxımından əhəmiyyətli məsələlər olduğunu deyib. O qeyd edib ki, bu problemlərin həlli yalnız səhiyyə sektorunun deyil, sənaye, nəqliyyat və digər sahələrin də əməkdaşlığını tələb edir.
TƏBİB rəsmisi söyləyib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin ərazilərdə tibbi xidmətlərin təşkili və əlçatanlığının təmin edilməsi əsas prioritetlərdən biridir: “Azad edilmiş ərazilərdə xidmətləri sıfırdan qurmaq kimi unikal fürsətimiz var. Bu, tibbi xidmətləri ən düzgün model və müasir yanaşmalar əsasında təşkil etməyə imkan verir. Həmin istiqamətdə bütün zəruri işləri görür, Səhiyyə Nazirliyi və digər qurumlarla əməkdaşlıq edirik. Düşünürəm ki, bu fəaliyyət ağciyər sağlamlığının qorunmasına da öz töhfəsini verəcək”.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova ağciyər sağlamlığının insanın həyat və fəaliyyəti, sağlam gələcəyi üçün əsas şərtlərdən biri olduğunu bildirib. O, tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması və vaxtında aşkarlanmasının müxtəlif ixtisaslar arasında sıx əməkdaşlığı, pulmonoloqların, ftiziatorların, infeksionistlərin, torakal cərrahların, ilkin səhiyyə və ailə həkimlərinin, laboratoriya və digər mütəxəssislərin birgə fəaliyyətini tələb etdiyini vurğulayıb. Baş direktorun sözlərinə görə, 80 ildən çoxdur fəaliyyət göstərən institut tibbi yardım, elmi tədqiqat və təhsilin bir araya gəldiyi mühüm mərkəzdir. O, Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış Milli İstinad Laboratoriyasının fəaliyyətini də qeyd edib. Laboratoriyada Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq vərəmin bakterioloji və molekulyar-genetik diaqnostikası, həmçinin skrinninq həyata keçirilir. Bu imkanlar xəstəliyin aşkarlanmasına, dərmanlara davamlılığın müəyyənləşdirilməsinə və müalicə qərarlarının əsaslandırılmasına töhfə verir.
İradə Axundova son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisinin üç dəfədən çox azaldığını deyib. Həmçinin bildirib ki, Azərbaycanda vərəm üzrə hər 100 min nəfərə düşən yeni xəstə sayının son 10 ildə iki dəfə azalmasına nail olunub: “Bu, çox yaxşı nəticədir və Ümumdünya Səhiyyə Təşkilatının qarşıya qoyduğu məqsədlərə çatmağa imkan yaradır”.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı və İlham Məmmədov, eləcə də ictimai xadim Sədaqət Vəliyeva Azərbaycanda ağciyər sağlamlığının qorunması, tənəffüs sistemi xəstəliklərinin profilaktikası və vaxtında aşkarlanması istiqamətində görülən işlərə toxunublar.
Deputat Məlahət İbrahimqızı bildirib ki, Milli Məclisin 2026-cı ilin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş parlament dinləməsi keçiriləcək. Hər kəsi dinləmədə fəal iştirak etməyə çağıran M.İbrahimqızı qeyd edib ki, bu müzakirələr mövcud problemlərin parlament səviyyəsində səsləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi üçün mühüm fürsətdir: “Azərbaycanda vərəm xəstəliyi ilə bağlı ayrıca qanun qəbul olunsa da, zaman keçdikcə xəstəliyin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişir. Tibb elminin inkişafı və yeni nailiyyətlər bu sahədə mövcud məsələlərə müasir yanaşmalar əsasında baxılmasını zəruri edir. Xüsusilə praktiki tibb işçilərinin və həkimlərin dinləmədə iştirakı vacibdir. Onların təklifləri müzakirələrin nəticələrinin qanunlarda və qərarlarda əksini tapmasına mühüm töhfə verə bilər”.
Konfrans öz işini təqdimat və müzakirələrlə davam etdirib.


Xəbəri paylaş







