“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, iclas zamanı Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə mövcud çətinliklər diqqətə çatdırılıb.
Həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış elektron resurslar barədə məlumat verilib.
Eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işçi qrupun 6 aylıq fəaliyyətinin nəticələrinə dair təhlil təqdim olunub. Qurumların təqdim etdiyi hesabatlar nəzərdən keçirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda işçi qrupun növbəti iclasının gündəliyinə daxil ediləcək məsələlər müzakirə olunub və təkliflər səsləndirilib. Növbəti iclasın hazırlanması ilə bağlı işçi qrupun katibinə müvafiq tapşırıqlar verilib.
Xəbəri paylaş







