Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif edilən dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.
Təklif edilən dəyişikliklərə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi nəzərdə tutulur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qanunun 24-cü maddəsinə təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Qanun layihəsinə təklif olunan həm bu, həm də digər dəyişikliklər səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbəri paylaş







