Qazaxda Universal-Proqressiv Patronaj Xidməti Modelinin tətbiqi üzrə seminar keçirildi

2024-cü ildən Azərbaycanda hamilə qadınlar və 3 yaşa qədər uşaqlara Universal-Proqressiv Patronaj Xidməti Modeli tətbiq olunur. Həmin xidmət çərçivəsində erkən yaş dövrünün inkişafına dəstək yönümlü tədbirlərin həyata keçirilməsinə xüsusi yer ayrılır.
Bu qəbildən olan növbəti tədbir Qazax şəhərində seminar formasında baş tutub. Tədbirdə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən pediatrlar, ailə həkimləri, ginekoloqlar və neonatoloqlar iştirak ediblər. Seminarda uşaqlara xidmət göstərən tibb işçilərinin patronaj xidməti sahəsində fəaliyyətlərinin qiymətləndirilməsi meyarları və onların həyata keçirilməsinin təşkil olunması yollarına aid tövsiyyələr iştirakçıların nəzərinə çatdırılıb.
Bununla yanaşı, 1-7 avqust tarixlərində ölkəmizdə də Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin keçirildiyini nəzərə alaraq, tədbirdə ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığı üçün faydaları haqqında da məlumatlar verilib.
Seminarda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova Universal-Proqressiv Patronaj Xidmət Modelinin komponenti olan Uşaq inkişafının dəstəklənməsi və izlənməsinə dair Beynəlxalq Proqramın ölkəmizdə tətbiqi barədə məlumatları iştirakçıların nəzərinə çatdırıb.
Qeyd etmək lazımdır ki, Ə.Əliyev adına ADHTİ-nin Pediatriya kafedrasında keçirilən ixtisasartırma kurslarında tədris proqramı çərçivəsində müdavimlərə həmin Beynəlxalq Proqram haqqında geniş məlumatlar verilir.
Xəbəri paylaş







