Sizin Reklam Burada!

Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir

Samuxda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilib.
Bu barədə Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda infeksiya isə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb.
Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Məlumatda qeyd olunur ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır. Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.
Həmçinin bildirilir ki, hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur. Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.
Birgə məlumatdan bir həftə sonra Səhiyyə Nazirliyi daha bir məlumat yayıb. Orada bildirilir ki, Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir. Yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.
Qeyd edilir ki, Samux rayonunun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib. Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda, hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.
Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən 15 avqust 2026-cı il tarixindən etibarən yeni yoluxma halı qeydə alınmayıb.
Hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb.
“Hazırda Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir və əhali arasında xəstəliyin yayılması müşahidə olunmur. Səhiyyə Nazirliyi tərəfindən epidemioloji vəziyyətə nəzarət davam etdirilir”, - deyə məlumatda vurğulanır.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova