“Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndidə növbəti aksiya keçirilib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirləri davam etdirir.
Qarabağ və Şərqi Zəngəzurda yaşayan əhalinin keyfiyyətli və ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub. Aksiya Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mütəxəssislərinin iştirakı ilə keçirilib.
Səyyar tibbi aksiya çərçivəsində travmatoloq-ortopedlər, fizioterapevtlər, pediatr və infeksionist həkimlər tərəfindən sakinlər müayinə olunublar. Müayinələr zamanı dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq göstəriciləri və infeksion xəstəliklərlə bağlı diaqnostik qiymətləndirmələr aparılıb.
Müayinələr nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətlərinə uyğun fərdi tibbi məsləhətlər verilib, ehtiyac yarandıqda ilkin tibbi yardım göstərilib. Fizioterapevtlər tərəfindən isə reabilitasiya tədbirləri və hərəkət funksiyalarının bərpasına dair tövsiyələr təqdim olunub.
Aksiya çərçivəsində 80-ə yaxın Xankəndi sakini müxtəlif ixtisaslar üzrə həkimlərin konsultasiya və tibbi xidmətlərindən yararlanıb.

Xəbəri paylaş










