Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında səhiyyə sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, tibb təhsili, rəqəmsal səhiyyə, səhiyyənin idarəolunması və tibb xidmətlərinin təşkili istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
Nazir ölkədə səhiyyə sistemində həyata keçirilən islahatlar, rəqəmsallaşdırma və tibbi infrastrukturun müasirləşdirilməsi barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiklərini qeyd edib, tibb təhsili, mütəxəssis hazırlığı, rəqəmsal səhiyyə və sağlamlıq turizmi sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb işçilərinin təlim proqramlarında iştirakı, elmi-tədqiqat və sağlamlıq turizmi üzrə əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbəri paylaş








