Azərbaycan təcrübəsi beynəlxalq səhiyyə platformasında təqdim edilib

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Polşanın Krakov şəhərində keçirilən insan papillomavirusuna (İPV) qarşı peyvəndlənmə üzrə beynəlxalq maarifləndirmə forumunda iştirak edib.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, forumun məqsədi qlobal miqyasda ictimai sağlamlığın qorunması baxımından İTV-yə qarşı peyvəndlənmə barədə məlumatlılığı artırmaq, virusun səbəb olduğu xəstəliklərin profilaktikasını gücləndirmək, eləcə də bu vaksinin tətbiqinə dair qabaqcıl beynəlxalq təcrübələri müzakirə etmək olub.
Tədbirdə ölkəmizdə ana və uşaq sağlamlığının qorunması, xərçəngönü xəstəliklərin erkən diaqnostikası və profilaktikası sahəsində həyata keçirilən tədbirlər təqdim olunub. Forum çərçivəsində İPV ilə əlaqəli xəstəliklərin profilaktikası, peyvəndə ictimai etimadın artırılması və effektiv kommunikasiya strategiyaları müzakirə edilib.
Qeyd edək ki, İPV peyvəndi uşaqlıq boynu xərçəngi və bir sıra digər onkoloji xəstəliklərdən qorunmada ən effektiv vasitələrdən biri hesab olunur.
Xəbəri paylaş







