ATU tələbələri İSİM-də təcrübə keçiblər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin sonuncu kurs tələbələri bir ay ərzində təcrübə kursu keçiblər.
Mərkəzdən verilən məlumata görə, təcrübə proqramının məqsədi tələbələrin ictimai səhiyyə sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği istiqamətində nəzəri və praktiki biliklərini genişləndirməkdir.
İSİM-in direktoru Səbinə Babazadə tələbələrlə görüşərək, onlara Mərkəzin əsas fəaliyyət istiqamətləri və ictimai səhiyyənin aktual mövzuları üzrə görülən işlər barədə məlumat verib. O, tələbələrin bu sahədə peşəkar bilik və bacarıqlar qazanmasının vacibliyini qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ATU-nun İctimai səhiyyə fakültəsinin dekan müavini Nailə Məmmədova və İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti, təcrübənin koordinatoru Arzu Mehdiyeva İSİM-də tələbələr üçün yaradılan şəraitə görə təşəkkür ediblər. Onlar vurğulayıblar ki, təcrübə dövrü nəzəri biliklərin real həyat situasiyalarında tətbiqini təmin edən ən vacib tədris mərhələlərindən biridir.
Təcrübə müddətində müxtəlif mövzularda təlimlər təşkil olunub, tələbələr İSİM-in rəhbər şəxslərinin və müvafiq ekspertlərinin çıxışlarını dinləyiblər. Bu il 20 ili tamam olan Mərkəz tərəfindən həyata keçirilən sorğu və tədqiqatlar, hazırlanan klinik və metodik vəsaitlər, təşkil olunan tədbir və aksiyalar barədə geniş məlumat verilib, bu fəaliyyətlərin icrası üçün atılan lazımi addımlar izah olunub.
İSİM-də 50-yə yaxın tələbənin keçdiyi təcrübə dövründə ölkəmizdə icra edilən dövlət proqramları, səhiyyə sistemində tətbiq olunan innovativ vasitələr və digər mövzularda gənclərə ətraflı məlumat verilib.
İnteraktiv şəkildə təşkil olunan təcrübə proqramı çərçivəsində ictimai səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və tələbələrə müxtəlif materiallar təqdim olunub.


Xəbəri paylaş









