Sizin Reklam Burada!

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə deyil

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə deyil

Son zamanlar beynəlxalq informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar Səhiyyə Nazirliyi ictimaiyyətə bildirir ki, ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.
Bu barədə Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir. Qeyd olunur ki, insanlar, adətən, hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarışmış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir.
Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur.
“Səhiyyə Nazirliyi bu məsələdə ÜST-nin tövsiyələrini rəhbər tutur və qurumla qarşılıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər olarsa) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək. Nazirlik epidemioloji vəziyyəti nəzarətdə saxlayır və əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır”, - deyə məlumatda vurğulanıb.
Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən də məlumat verilib ki, bu günə qədər Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Bildirilib ki, hantavirus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Qeyd edilib ki, hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.
Həmçinin mərkəz tərəfindən profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunub. Vurğulanıb ki, bunun üçün yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət edilməli, gəmiricilərin məskunlaşmasının qarşısını almaq üçün mütəmadi deratizasiya tədbirləri görülməli, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri aparılarkən qoruyucu vasitələrdən istifadə edilməli, gəmiricilərlə birbaşa təmasa yol verilməməlidir.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova