7-ci Beynəlxalq Bariatrik-Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqresi keçirildi

Bariatrik-metabolik cərrahiyyə cərrahiyyənin nisbətən yeni bir istiqamətidir. Tarixə baxsaq, keçən əsrin 60-cı illərindən bariatrik əməliyyatlar tətbiq olunmağa başlayıb. Lakin 90-cı illərdən etibarən bariatrik əməliyyatlar daha geniş vüsət alıb ki, bu da cərrahiyyəyə laparoskopik texnologiyanın gəlişi ilə bağlı olub. Hazırda yaşadığımız XXI əsrdə laparoskopik icra edilən bariatrik və metabolik cərrahiyyə artıq cərrahiyyə elminin və gündəlik praktikanın rutin istiqamətidir. Bu istiqamətdə bizim əsas hədəf pasiyentimiz artıq bədən çəkisi olan insanlardır.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Bariatrik-Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqresində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, artıq bədən çəkisi insanın təkcə estetik görünüşünü pozmur, bundan başqa, sağlamlıqla bağlı olan müxtəlif problemləri, xüsusilə də metabolik sindromu ortaya çıxarır: “Bariatrik və metabolik əməliyyatlar pasiyentlərin müalicəsində və onların həyatında tamamilə yeni bir səhifə açır ki, bundan sonra onlar daha uzun, daha sağlam və daha gözəl bədənlə yaşaya bilirlər. Çox vacib məqam ondan ibarətdir ki, həmin pasiyentlər bariatrik-metabolik əməliyyatlardan sonra vaxtından əvvəl ölüm faizi ilə daha az rastlaşırlar, yəni vaxtından əvvəl – preterm ölümlərin qarşısı 30-50 faiz hallarda alınır. Bu da ictimai səhiyyə üçün çox vacib məqamdır”.
Nadir Zeynalovun sözlərinə görə, bariatrik və metabolik cərrahiyyənin inkişafı özü ilə bəzi məsələləri ortaya çıxardı: “Birincisi, bəzi cərrahi prosedurlardan fərqli olaraq, bariatrik cərrahiyyə bir cərrahın işi deyil. Burada hökmən multidisiplinar yanaşma və bir komanda işi tələb olunur. Yəni prosesə cərrahdan başqa, müxtəlif digər mütəxəssislər də cəlb olunmalıdır. Diyetoloqlar, endokrinoloqlar, psixoloqlar, bəzən psixiatrlar və digərləri də bir pasiyentin müalicəsinə qoşulurlar ki, istənilən və dayanıqlı nəticə əldə olunsun. Başqa bir məsələ ondan ibarətdir ki, bariatrik əməliyyatlardan estetik nəticə əldə olunduğuna görə, bəzi hallarda ya həmin əməliyyatların həyata keçirilməsinə göstərişlər düzgün qoyulmur, ya da tibbi göstəriş olmadan aparılır. Ona görə də nəticə bir çox hallarda ürəkaçan olmur. Bariatrik və metabolik əməliyyatlara göstərişlərin, pasiyentin, əməliyyat növünün düzgün seçilməsi ilə istənilən nəticələri əldə edə bilərik”.
Bariatrik və metabolik cərrahiyyənin çox dinamik, inkişaf edən bir sahə olduğunu diqqətə çatdıran nazir müavini hər il yeniliklərin olduğunu, on il bundan əvvəlki yanaşmaların indi dəyişdiyini qeyd edib: "Cəmi 3-4 il əvvəl, 2022-ci ildə yeni meyarlar, əməliyyat seçimi üçün yeni qaydalar ortaya çıxıb. Hər il bu sahəyə yeniliklər gəlir ki, cərrahi və qeyri-cərrahi profilli mütəxəssislər bununla ayaqlaşmalıdırlar. Onlar daim üzərlərində işləməli, peşəkar şəkildə inkişaf etməlidirlər. Peşəkarlığın artırılması üçün çox yaxşı vasitələrdən biri məhz bugünkü konqres və bu konqres kimi tədbirlərdir. Konqresə müxtəlif ölkələrdən çoxsaylı iştirakçılar qatılıb. Ondan artıq ölkədən 70-dən çox iştirakçı gəlib, onların təqribən yarısı qədər də məruzəçi var. Bu da konqresin həqiqətən beynəlxalq statusunu təsdiqləyir. Hesab edirəm ki, konqres həm yerli, həm xaricdən gəlmiş mütəxəssislərin öz elmi biliklərini, ən yaxşı təcrübələrini paylaşmaları, ölkələr arasında əlaqələrin qurulması baxımından çox faydalı platformadır".
Xəbəri paylaş









