Azərbaycanda Qrip üzrə Milli İstinad Laboratoriyası gücləndirilir

Azərbaycan Respublikasının Qrip üzrə Milli İstinad Laboratoriyasının potensialının daha da gücləndirilməsi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi tanınma prosesinə hazırlıq məqsədilə Səhiyyə Nazirliyi ilə ÜST arasında mentorluq proqramı həyata keçirilir.
Proqram çərçivəsində Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi və K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun bazasında mentorluq missiyası təşkil olunub.
Missiya çərçivəsində Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin məsləhətçisi Oleq Səlimov, ÜST-nin məsləhətçisi Andrey Komissarov və ÜST-nin ölkə ofisinin proqramlar üzrə rəhbəri, ölkə ofisinin rəhbərinin vəzifəsini müvəqqəti icra edən Cəvahir Süleymanova institutun laboratoriya şöbəsində olublar.
Səfər zamanı qonaqlar institutun laboratoriyalarında qrip virusunun laborator diaqnostikası istiqamətində həyata keçirilən fəaliyyətlərlə tanış olublar. Görüş çərçivəsində laborator xidmətlərin inkişafı, müasir diaqnostik yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş







