“Tibbi tədqiqatların yol xəritəsi: İdeyadan nəticəyə”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və nazirliyin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Nadir Tağıyevin 95 illik yubileyinə həsr olunmuş “Tibbi tədqiqatların yol xəritəsi: İdeyadan nəticəyə” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin və professor Nadir Tağıyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, dosent Aynur Poluxova öz çıxışında professor Nadir Tağıyevin Azərbaycan tibb elminin inkişafında göstərdiyi böyük xidmətlərdən danışıb, onun elmi fəaliyyətinin və zəngin irsinin gənc nəsil həkim və tədqiqatçılar üçün örnək olduğunu vurğulayıb.
Daha sonra t.ü.f.d. Naibə Məmmədova görkəmli alim professor Nadir Tağıyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək, onunla bağlı xatirələrini iştirakçılarla bölüşüb.
Tədbirdə iştirak edən digər alimlər də çıxış edərək professor Nadir Tağıyevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini və fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, mövzunun əhəmiyyətini bildirərək, konfransın işinə uğurlar arzulayıblar.
Konfrans çərçivəsində professor Nadir Tağıyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfrans iki seksiyada davam edib. Seksiyalarda tibbi elmi tədqiqatların planlaşdırılması, metodoloji yanaşmalar, klinik praktikada tətbiq imkanları və müasir tibbin aktual istiqamətləri üzrə məruzələr təqdim olunub və müzakirələr aparılıb.
Xəbəri paylaş







