Azərbaycanda uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri aşağı düşüb

Azərbaycanda uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri aşağı düşüb

Hər il martın 24-ü dünya birliyi tərəfindən Ümumdünya Vərəm Günü kimi qeyd olunur. Bu tarix 1882-ci ildə alman mikrobioloqu Robert Koxun vərəm törədicisini kəşf etməsinin elan olunduğu günlə bağlıdır. Alim bu kəşfinə görə 1905-ci ildə tibb üzrə Nobel mükafatına layiq görülüb.
Vərəmlə Mübarizə Günü rəsmi olaraq 1982-ci ildə – Kox çöpünün kəşfinin 100 illiyində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Vərəm və Ağciyər Xəstəlikləri əleyhinə Beynəlxalq Birlik (IUATLD) tərəfindən təsis edilib. 1993-cü ildə ÜST vərəm üzrə milli fövqəladə vəziyyət elan edərək, bu tarixin beynəlxalq əhəmiyyətini artırıb. 1998-ci ildən bu gün BMT-nin rəsmi dəstəyini alır.
Ümumdünya Vərəm Gününün rəsmi simvolu olan ağ çobanyastığı təmiz nəfəs və sağlamlığın rəmzidir.
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova AZƏRTAC-a bildirib ki, hazırda Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması üçün ən müasir laborator və molekulyar diaqnostika üsullarından istifadə olunur. O cümlədən, sürətli molekulyar testlər vasitəsilə həm vərəm bakteriyasını, həm də dərmanlara davamlılıq hallarını qısa müddətdə müəyyən etmək mümkündür. Onun sözlərinə görə, bu, xəstələrə daha düzgün və fərdi müalicə sxemlərinin seçilməsinə imkan yaradır: “Artıq statistik göstəricilərdə müsbət dəyişikliklər müşahidə olunur. Azərbaycanda vərəmlə xəstələnmə dinamikası 2015-ci ildə 100 min əhalidə 41,1 olduğu halda, 2025-ci ildə bu rəqəm 21,5 olub. Xəstələrin üçdə ikisi kişi, üçdəbiri qadınlardır.
Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında turşuya davamlı mikobakteriyanın (TDM) aşkarlanma dinamikası 2015-ci ildə 53 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 86 faizə çatıb. Həm həssas, həm də dərmanlara davamlı xəstələrin müalicə göstəriciləri daha yüksək olub.
Uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2015-ci ildə ölkədə 369 uşaq və yeniyetmə vərəmlə xəstələnmişdisə, 2025-ci ildə xəstələnən uşaq və yeniyetmələrin sayı 198 olub. Hətta 2024-cü il üçün bu göstərici 278 idi, bu da əhəmiyyətli dəyişiklik olmasının sübutudur”.
İradə Axundova qeyd edib ki, Azərbaycanda vərəmin diaqnostikası və müalicəsi dövlət tərəfindən təşkil olunur və vətəndaşlar üçün tamamilə pulsuzdur: “Xəstələr dərman preparatları, laborator müayinələr və zəruri tibbi xidmətlərlə təmin olunurlar. Ölkəmizdə vərəmlə mübarizə dövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə yeni nəsil dərman preparatlarının tətbiqi nəticəsində xüsusilə dərmana davamlı vərəm formalarının müalicəsində daha yüksək nəticələr əldə edilir və bəzi hallarda müalicə müddətini qısaltmaq mümkün olur. Səhiyyə Nazirliyi vərəmlə mübarizə sahəsində strateji planlaşdırma, metodiki rəhbərlik və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, əhalinin maarifləndirilməsi, erkən diaqnostikanın təşviqi vasitəsilə vərəmlə mübarizə tədbirləri davamlı şəkildə gücləndirilir. Ümumilikdə məqsədimiz yalnız xəstəliyin müalicəsi deyil, həm də erkən aşkarlanma, profilaktika və cəmiyyətin məlumatlandırılması yolu ilə vərəmin yayılmasının qarşısını almaqdır”,- deyə direktor vurğulayıb.
Qeyd edək ki, dünya əhalisinin təxminən 25%-i vərəm bakteriyasının daşıyıcısıdır. Müvafiq müalicə almayan aktiv vərəm xəstəsi hava-damcı yolu ilə yayılan bu infeksion xəstəliklə ildə orta hesabla 10-15 nəfəri yoluxdura bilər. Dünyada hər gün təxminən 30 min yeni yoluxma halı qeydə alınır, 3500-ə yaxın insan isə bu xəstəlikdən vəfat edir. Xəstəliyin inkişafına əsasən zəif qidalanma, zərərli vərdişlər (tütün, alkoqol), ağır yaşayış şəraiti və şəkərli diabet kimi xroniki xəstəliklər zəmin yaradır.
Düzgün müalicə ilə vərəm xəstələrinin 92-95 faizi tam sağala bilir. Həkimlər xatırladırlar ki, xəstəlikdən qorunmağın ən yaxşı yolu sağlam həyat tərzi və fiziki aktivlik, balanslı qidalanma, zərərli vərdişlərdən imtina, müntəzəm tibbi profilaktik müayinələrdir.
Vərəm sağalır, lakin hələ də dünyada hər il yoluxan 10 milyon insandan 3 milyonu lazımi müalicəni ala bilmir. Ümumdünya Vərəm Gününün əsas məqsədi məhz bu boşluğu doldurmaq və cəmiyyətin məlumatlılığını artırmaqdır.


Xəbəri paylaş



Fevral 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova