“Səhiyyə beynəlxalq əməkdaşlıq platformasına çevrilməlidir”

ÜST-nin Baş direktoru Bakıda ölkələrə çağırış etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib.
AZƏRTAC xəbər verir ki, ÜST rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
“Səhiyyə elə bir sahədir ki, parçalanmış dünyamızda ideologiya və ayrılıqlardan asılı olmayaraq ölkələr ümumi təhdidlərə qarşı birgə həllər tapmaq üçün məhz burada bir araya gəlməlidirlər”, – deyə Tedros Gebreyesus vurğulayıb. ÜST rəhbəri dünya üzrə statistik rəqəmləri açıqlayıb: “1945-ci ildə orta ömür uzunluğu təxminən 45 il idi. 2025-ci ildə isə bu göstərici 73,5 ilə çatıb. Bu isə təxminən 28,5 illik artım deməkdir. Bu, sülh, inkişaf və sağlamlıq sahəsində əldə olunan nailiyyətlərin nəticəsidir”.
Baş direktor bildirib ki, bu gün dünyada uşaqların 80 faizindən çoxu qızılca, tetanus, difteriya və pnevmoniya kimi ölümcül xəstəliklərə qarşı peyvənd olunur. Halbuki əvvəllər bu göstərici cəmi 5 faiz idi. Son 25 ildə isə İİV/QİÇS, malyariya və vərəm səbəbindən ölüm halları əhəmiyyətli dərəcədə azalıb. Ana və uşaq ölümündə də ciddi şəkildə azalma var. Beləliklə, analar, uşaqlar və ailələr üçün daha təhlükəsiz bir dünya yaranıb.
“Pandemiyalar sərhəd tanımır və qısa zamanda bütün dünyaya yayılır. Bununla yanaşı, sərhəd tanımayan başqa problemlər də var. Məsələn, iqlim böhranı. Əgər bu kimi qlobal problemlərlə mübarizədə birlikdə fəaliyyət göstərməsək, bu vəziyyət ciddi fəlakətlərlə nəticələnə bilər”, - deyə Tedros Adhanom Gebreyesus bildirib.
ÜST rəhbəri ölkələri gələcək pandemiyalara hazırlıq və qlobal əməkdaşlığın gücləndirilməsinə daha çox diqqət yetirməyə çağırıb.
AZƏRTAC-ın BMT xəbər xidmətinə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, 2025-ci ildə hərbi xərclər 2,7 trilyon dollara çatıb ki, bu da 2030-cu ilə qədər aclığın aradan qaldırılması üçün lazım olan məbləğdən 30 dəfə çoxdur.
O, həmçinin “görünməz düşmən” hücumuna qarşı durmağa hazır olmağın vacibliyinə diqqət çəkib. Bu, 20 milyon insanın – müasir tarixdəki istənilən müharibədən daha çox insanın ölümünə səbəb olan və qlobal iqtisadiyyata 10 trilyon dollardan çox ziyan vurduğu təxmin edilən COVID-19 kimi daha bir pandemiyaya aiddir.
ÜST rəhbəri vurğulayıb ki, dünya dərs çıxarmadan tez-tez bir böhrandan digərinə keçir. Pandemiyanın dağıdıcı nəticələrinə baxmayaraq, ölkələr sağlamlıq təhdidlərindən qorunmaqdan çox, hərbi xərclərə daha artıq pul xərcləyir.
“Bununla belə, COVID-19 pandemiyasının göstərdiyi kimi, qloballaşan dünyada səhiyyə təhlükəsizliyi milli problemdir”, - deyə Gebreyesus vurğulayıb.
O əlavə edib: “Virusların vizaya ehtiyacı yoxdur; patogenlər sərhədlərə hörmət etmir. Dezinformasiya diplomatiyadan daha sürətli yayılır”.
ÜST rəhbərinin sözlərinə görə, səhiyyə beynəlxalq əməkdaşlıq platformasına çevrilməlidir.
“Parçalanmış və bölünmüş dünyada səhiyyə ölkələrin ortaq təhdidlərə birgə həllər tapmaq üçün ideoloji fərqləri aşaraq birlikdə işləyə biləcəyi və tədbirlər görməli olduğu azsaylı sahələrdən biridir”, - deyə o bildirib.
Gebreyesus xatırladıb ki, ÜST-nin üzv dövlətləri gələcək pandemiyalara qlobal hazırlığı gücləndirmək üçün işlərini davam etdirirlər. Keçən il onlar pandemiyalar haqqında müqavilə imzalayıblar. Bu sənəd təsdiqləndikdən sonra onun ictimai səhiyyə təhlükəsizliyinin gücləndirilməsi üçün mühüm beynəlxalq hüquqi alətə çevriləcəyi gözlənilir.
Ölkələr həmçinin potensial təhlükəli virusların sürətli aşkarlanmasını, vaksinlərə, dərmanlara və diaqnostikaya bərabər çıxışı təmin etməli olan əlavə patogenlərin paylaşılması, habelə faydaların bölüşdürülməsi mexanizmi barədə danışıqlar aparır.
ÜST rəhbərinin sözlərinə görə, ölkələr bu prosesdə xeyriyyə məqsədləri ilə deyil, müşahidə, erkən xəbərdarlıq və tibbi ləvazimatlara çıxış sahəsində əməkdaşlığın onların maraqlarına uyğun olduğu üçün iştirak edir. “Çoxtərəfli əməkdaşlığın mahiyyəti budur. O, fərqləri aradan qaldırmaq deyil, ortaq riskləri idarə etmək mexanizmidir”, - deyə o vurğulayıb.
Gebreyesus onu da qeyd edib ki, beynəlxalq əməkdaşlıq sistemi hazırda ciddi çətinliklərlə üzləşir. Onun sözlərinə görə, ÜST ən böyük donorunun maliyyələşdirməni dayandırması səbəbindən mürəkkəb islahatlar və yenidən istiqamətləndirmə dövrünü yaşayır. “Əminəm ki, ÜST bu vəziyyətdən daha güclü çıxacaq, əsas mandatına daha aydın şəkildə diqqət yetirəcək, daha müstəqil və dünya xalqlarına və ölkələrinə xidmət etməyə qadir təşkilat olacaq”, - deyə təşkilatın rəhbəri qeyd edib.
“Nəticə etibarilə, biz hamımız insanıq, eyni planetdə yaşayırıq, eyni DNT-ni paylaşırıq və oxşar təhdidlərlə üzləşirik”, - deyən Baş direktor ölkələr və beynəlxalq qurumlar arasında etimadı bərpa etməyin gələcək böhranlara effektiv cavab vermək üçün əsas olaraq qaldığını vurğulayıb.
Xəbəri paylaş







