Ağcabədi və Gəncə məktəbliləri üçün maarifləndirici tədbirlər təşkil olunub

Səhiyyə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində əhali arasında növbəti maarifləndirmə tədbirləri keçirilib. Ağcabədi regional “ASAN xidmət” mərkəzi və Gəncə şəhər 2 saylı “ASAN xidmət” mərkəzində təşkil olunan tədbirlərdə yuxarı sinif şagirdləri iştirak ediblər.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) verilən məlumata görə, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova erkən evliliyin fəsadları, həkim-metodisti Sevinc Bağırova sağlam həyat tərzinin faydaları barədə ətraflı məlumat veriblər.
Dövlət Komitəsinin və “ASAN xidmət” mərkəzinin nümayəndələri çıxış edərək, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti və həyata keçirilən tədbirlərdən söz açıblar.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara marifləndirici materiallar təqdim olunub.
Xəbəri paylaş







