İnsult üzrə multidissiplinar elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsult Xidməti Pilot Layihəsi və Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin elmi əməkdaşlığı çərçivəsində Bakıda beynəlxalq elmi-praktik konfrans keçirilib. Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan konfrans insult üzrə müasir tibbi xidmətlərin yaradılması və bu sahədə həyatqurtarıcı yüksəktexnoloji müdaxilələrin inkişafına həsr edilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, beynəlxalq tədbirdə Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən aparıcı klinikaların rəhbərləri, insult və neyroradiologiya üzrə tanınmış mütəxəssislər iştirak ediblər. Qonaqlar arasında Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin Tibb fakültəsinin üzvü, “GFO Kliniken Troisdorf”un klinika rəhbəri professor Nuran Abdullayev, Münxen Klinikasında direktor vəzifəsində çalışan professor Anastasios Mpotsaris, Aşaffenburq şəhərində klinika rəhbəri olan Volker Maus, eləcə də Almaniyada fəaliyyət göstərən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məsləhətçisi, insult üzrə beynəlxalq ekspert, Essen Universitetinin professoru Zaza Katsarava yer alıblar.
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov, Səhiyyə Nazirliyinin İnsult Layihəsinin rəhbəri, Bakı Sağlamlıq Mərkəzinin İnsult bölümünün rəhbəri Pərvin Allahyarova, ölkəmizin aparıcı tibb müəssisələrinin rəhbərləri, yerli və beynəlxalq ekspertlər konfransda çıxış ediblər. İnsult mərkəzlərinin təşkili, kəskin işemik insult zamanı mexaniki trombektomiya, pasiyent seçimi, süni intellektin diaqnostik proseslərdə rolu və multidissiplinar yanaşmalar və digər mövzular ətrafında müzakirələr aparılıb.
Xəbəri paylaş










