Elektron resept sistemi ilə bağlı onlayn təlim keçirilib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun klinikasında fəaliyyət göstərən həkimlər üçün elektron resept sistemi üzrə yeniləyici onlayn təlim keçirilib.
Nazirliyin mətbuat xidməti bildirir ki, təlim zamanı həkimlər elektron reseptin düzgün tərtib edilməsi, məlumatların dəqiqliklə daxil edilməsi, reseptlərin təsdiqi və apteklərə ötürülməsi prosesi ilə tanış olublar. Eyni zamanda, məlumat təhlükəsizliyi və məxfilik məsələlərinə xüsusi diqqət yetirilib.
Təlimin məqsədi həm mövcud biliklərin yenilənməsi, həm də sistemdəki yeniliklərin izahı və tətbiq zamanı rast gəlinən texniki məsələlərin müzakirəsi olub. Elektron resept sistemi tibbi xidmətlərin şəffaflığını artırır, dərman vasitələrinin vahid elektron platforma üzərindən rəsmiləşməsini təmin edir və pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Səhiyyədə rəqəmsallaşma prosesində elektron resept sisteminin rolu vurğulanaraq, onun effektiv tətbiqinin davamlı təkmilləşdirilməsi önə çəkilib.
Xəbəri paylaş







