Pediatriya üzrə beynəlxalq konqres keçirilib

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” adlı beynəlxalq konqres keçirilib.
AZƏRTAC xəbər verir ki, pediatriya sahəsində görkəmli alimlərin yubileylərinə həsr olunmuş tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra konqres iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Konqresin açılış mərasimində Azərbaycan Tibb Universitetinin prorektoru, professor Məlahət Sultan, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev, I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov və başqaları çıxış ediblər.
Qeyd edilib ki, Azərbaycanda pediatriya sahəsinin sistemli və dayanıqlı inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi dövründə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib, səhiyyə infrastrukturunun möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin yaradılması və mövcud xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Həmin siyasət nəticəsində, xüsusilə ana və uşaq sağlamlığının qorunması sahəsində mühüm uğurlar əldə olunub, pediatriya xidmətinin inkişafı üçün möhkəm təməl formalaşıb.
Bildirilib ki, həmin strateji xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən ardıcıl islahatlar pediatriya sahəsinin daha da inkişafına, uşaqların sağlam gələcəyinin təmin olunmasına xidmət edir.
Professorlar Ənvər Həsənoğlu, Özgür Kasapçopur və Nailə Sultanovanın moderatorluğu ilə başlayan plenar sessiyada professor Rauf Bəylərov “Pediatriya: Tarix, irs və gələcəyə baxış”, Atlas Universitetinin Tibb fakültəsinın dekanı, professor Metin Çetinkaya “Gələcəyin pediatrı – 2035 baxışı: Rəqəmsal, genetik və sosial çağırışlar”, akademik Aleksandr Qorelov “Respirator virus infeksiyalarının müalicəsində aktual tövsiyələr” və Əməkdar elm xadimi, professor Lalə Allahverdiyeva “Pediatriyada azalmayan problem: Xroniki öskürək – yeni alqoritmlər və rəqəmsal tətbiqlər” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra konqres işini seksiyalarda davam etdirib. Seksiyalar Əməkdar elm xadimi, akademik Adilə Əvəz qızı Namazovanın 100 illik, professor Amaliya Abdulla qızı Əyyubovanın 90 illik, professor Surxay Novruz oğlu Musayevin 75 illik, Əməkdar elm xadimi, professor Nəsib Cəfər oğlu Quliyevin 75 illik və professor Səfixan Şamil oğlu Həsənovun 70 illik yubileylərinə, konqresin ikinci günü keçirilən simpozium isə Əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illik yubileyinə həsr olunub.
Simpoziumda çıxış edən Mərkəzi Gömrük Hospitalının (MGH) rəisi, baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev professor Nəsibə Hüseynovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna rolundan danışıb, qeyd edib ki, alimin formalaşdırdığı elmi məktəb və yetişdirdiyi kadrlar bu gün də ölkəmizdə pediatriya sahəsinin inkişafına mühüm töhfələr verir.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov çıxış edərək professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin pediatriyada klinik düşüncə tərzinin, elmi yanaşmanın və müasir müalicə prinsiplərinin formalaşmasında, eləcə də gənc həkimlərin və rezidentlərin hazırlanmasında mühüm rol oynaması barədə ətraflı danışıblar.
Daha sonra professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda görkəmli alimin zəngin və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pediatriyasının inkişafına verdiyi mühüm töhfələr, formalaşdırdığı elmi məktəb və yetişdirdiyi çoxsaylı həkim kadrlar barədə ətraflı məlumat təqdim olunub.
Professor Rauf Bəylərovun və dosent İsmayıl Əfəndiyevin moderatorluğu ilə keçirilən “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda interaktiv paneldə ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti Sabirə Hüseynova və uzman diyetoloq Lala Mahmudova interaktiv panelin mövzusunda, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə “Uşaq qastroenterologiyasında klinik və bioetik çağırışlar”, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova “Rəqəmsal bağırsaq sağlamlığı – Mikrobiota – Davranış – Ətraf mühit”, MGH-nın şöbə rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Uşaqlarda qaraciyərin genetik və metabolik xəstəliklərinə ümumi yanaşma” mövzularında çıxış ediblər.
Tibb üzrə fəlsəfə doktoru Gülnarə Nəsrullayeva, tibb üzrə fəlsəfə doktoru Nüşabə Mollayeva və Bəyaz Namazovanın moderatorluğu ilə keçirilən ikinci sessiyada Respublika Pediatriya Mərkəzinin həkimi Azər Əhmədov “Kəskin və xronik ishalın tele-tibdə idarə edilməsi; Dehidratasiya riskinin Sİ analizləri”, MGH-nın şöbə rəisi, uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda öd daşı xəstəliyinə müasir yanaşma”, MGH-nın pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova “Autizm spektr pozulması olan uşaqlarda vitamin və mikronutrient dəstəyi”, “Baku Medical Plaza” klinikasında Pediatriya və neonatologiya, yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Erkin Rəhimov və “Medera” klinikasının həkimi Əli Quliyev “Mini-debat: Uşaqlarda xroniki qəbizliyə multidisiplinar yanaşma”, MGH-nın həkimi Aygün Sadıxova “Uşaqlarda laktoz çatışmazlığı” mövzularında çıxış ediblər.
Professor Aytən Məmmədbəylinin, dosent Nigar Bayramovanın və tibb elmləri üzrə fəlsəfə doktoru Əli Quliyevin moderatorluğu ilə keçirilən “İnteraktiv sessiya: beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraq” panelində ATU-nun II Uşaq xəstəlikləri kafedrasının həkimi Nərgiz Məmmədova “Prematüre və yüksək riskli yenidoğulmuşların erkən nevroloji qiymətləndirilməsi və inkişaf monitorinqi”, Qarabağ Universiteti Tibb və sağlamlıq elmləri fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikasının baş həkimi İkram Rüstəmov “Hibrid dünyada inkişaf geriliyi, autizm və davranış problemləri: kim, nə zaman və haraya yönləndirilməlidir?”, Nitq və inkişaf pozulmaları üzrə uzman Nigar Həsənova “Peyk simpozium. Autizmli uşaqların elmi sübuta əsaslanan təlimi” mövzularında çıxış ediblər.
Simpoziumun sonunda qeyd olunub ki, belə genişmiqyaslı və elmi baxımdan zəngin proqram pediatriya sahəsində aktual problemlərin müzakirəsi, innovativ yanaşmaların tətbiqi və multidisiplinar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxış edənlər vurğulayıblar ki, professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin işığında keçirilən bu simpozium həm milli pediatriya elminin inkişafına yeni impuls verir, həm də gənc mütəxəssislər üçün dəyərli təcrübə platforması rolunu oynayır.
Tədbir Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.
Xəbəri paylaş









