Səhiyyə naziri Teymur Musayev: İcbari tibbi sığortanın tətbiqi güclü siyasi iradə, institusional əzm və ictimai inam tələb edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 illik yubileyi qeyd olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub. Tədbirdə icbari tibbi sığorta sisteminin keçdiyi inkişaf yolu, əldə olunan əsas nəticələr və vətəndaşlara göstərilən xidmətlərin əhatə dairəsi barədə məlumat verilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 10 il ərzində icbari tibbi sığorta sisteminin mərhələli şəkildə formalaşdığını, bu müddət ərzində tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə artdığını bildirib. O qeyd edib ki, 2016-cı ildə Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması bu sahədə mühüm başlanğıc nöqtəsi olub. “Dövlətimizin başçısının qətiyyətli iradəsi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə bu sistem formalaşıb və inam qazanıb. İcbari tibbi sığorta yalnız tibbi xidmət deyil, insanlara sabaha inam, təhlükəsizlik və arxayınlıq hissi bəxş edən bir sistemdir. Xidmətlər genişləndikcə və əlçatanlıq artdıqca vətəndaşların gözləntiləri də yüksəlir. Biz bu gözləntiləri diqqətlə dinləyir və hər dəfə bir addım daha irəli getməyə çalışırıq. Qarşıda bizi daha böyük hədəflər və daha böyük məsuliyyət gözləyir”.
Səhiyyə naziri Teymur Musayev toplantıda çıxış edərək bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı verilən qərarın icrası güclü siyasi iradə, institusional əzm və ictimai inam tələb edib: “İcbari tibbi sığortanın tətbiqinə başlanarkən vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, əhalinin səhiyyə ilə bağlı xərclərinin azaldılması əsas məqsədlər kimi müəyyən edilib. Bu gün əminliklə deyə bilərik ki, qarşıya qoyulan hədəflərə nail olunub. On il əvvəl layihə kimi başlanan icbari tibbi sığorta artıq dövlətimizin sosial siyasətinin mühüm komponentinə çevrilib. Möhkəm təməl üzərində qurulan bu sistemin gələcək illərdə də milli səhiyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inanıram”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında bildirib ki, icbari tibbi sığorta Azərbaycanın müstəqillik dövründə səhiyyə sahəsində həyata keçirdiyi ən uğurlu layihəsidir: “Bu gün icbari tibbi sığorta ölkəmizdə uğurla tətbiq olunur, Xidmətlər Zərfi mərhələli şəkildə genişləndirilir, əhalinin tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərdən məmnunluğu artır. Düzdür, görüləcək işlər hələ çoxdur, çünki səhiyyə daim yenilənmə və inkişaf tələb edən sahədir. Lakin əminəm ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta modeli gələcəkdə dünyada nümunəvi sistemlər sırasında yer alacaq”.
TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov ölkə səhiyyəsinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisənin – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə agentliyin rəhbərliyini və bütün kollektivini TƏBİB ailəsi adından təbrik edib. Bildirib ki, icbari tibbi sığorta sistemi sayəsində bu gün bütün bölgələrdə vətəndaşlar tibbi xidmətlərə bərabər və əlçatan çıxış imkanına malikdir.
İcbari tibbi sığorta hesabına övladı əməliyyat olunan valideyn Elvin Musayev tədbirdə çıxışı zamanı təəssüratlarını bölüşüb. O bildirib ki, övladına yüksək riskli müdaxilə tələb edən qida borusunun atreziyası diaqnozu qoyulub və əməliyyat uğurla icra olunub: “Bir valideyn olaraq çox narahat idim. Lakin icbari tibbi sığorta hesabına əməliyyat operativ şəkildə, vaxt itkisi olmadan, yerində və dəqiq həyata keçirildi. Bu gün övladımın sağlam olması bizim üçün ən böyük xoşbəxtlikdir. Yaradılan bu imkanlara görə ölkə rəhbərliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək bir valideyn üçün həqiqətən çox böyük anlam daşıyır”.
Tədbirin sonunda İctimai Televiziyanın hazırladığı, agentliyin 10 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
Xəbəri paylaş






