Servikal xərçəng üzrə beynəlxalq tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində ilk dəfə “Servikal xərçəng üçün skrininq testləri, HPV peyvəndləmə, CİN 1, 2, 3 və kolposkopiya” mövzusunda Beynəlxalq dəyirmi masa müzakirəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicə şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Sevinc Rəhimzadənin rəhbərliyi ilə şöbənin həkim kollektivinin iştirak etdiyi tədbirdə Türkiyənin aparıcı onkoginekoloqları Murat Gültekin, Mete Güngör və Murat Dede ilə birgə elmi müzakirələr aparılıb.
Dəyirmi masa çərçivəsində servikal xərçəngin erkən diaqnostikası, effektiv skrininq strategiyaları, HPV peyvəndləmə proqramlarının tətbiqi, CİN 1, 2, 3 mərhələlərinin idarə olunması və kolposkopiyanın müasir yanaşmaları üzrə beynəlxalq təcrübələr təqdim edilib. Yüksək elmi səviyyədə, interaktiv formatda təşkil olunmuş tədbirdə klinik protokollar və praktik yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycandan 500-ə yaxın həkim və səhiyyə mütəxəssisi zoom platforması vasitəsilə tədbirə canlı qoşularaq müzakirələri izləyib, Türkiyədən dəvət olunmuş professor və mütəxəssislərə birbaşa suallarını ünvanlayıblar.
Dəyirmi masa müzakirəsi Azərbaycanda dövlət səviyyəsində planlaşdırılan HPV skrininq və peyvəndləmə proqramının elmi əsaslarının formalaşdırılması məqsədi daşıyıb və həmin dövlət layihəsinin ilkin mərhələsidir.
Xəbəri paylaş










