“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

Ağdamın balaca sakinləri həkim müayinələrindən keçirilib
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu tərəfindən Ağdam rayonunda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika və profilaktika tədbirlərinin aparılması, habelə regionda səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasıdır.
Ağdam rayonunda ümumilikdə 200-ə yaxın uşaq Pediatriya İnstitutunun həkim heyəti tərəfindən kompleks müayinələrdən keçirilib. Müayinələr pediatr, uşaq kardioloqu, nevroloq, otorinolarinqoloq, oftalmoloq, ultrasəs müayinəsi (USM) həkimi və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Uşaqlar ümumi kliniki müayinədən keçirilib, antropometrik ölçülər götürülüb. Qarın boşluğu orqanlarının USM, ürəyin USM (exokardioqrafiya), görmə və eşitmə müayinələri, nevroloji statusun qiymətləndirilməsi həyata keçirilib:
Səhiyyə Nazirliyi və institut tərəfindən həyata keçirilən bu tədbir “Böyük Qayıdış” prosesinin səhiyyə komponentinin gücləndirilməsinə xidmət edir və gələcəkdə digər rayonlarda da analoji aksiyaların keçirilməsi nəzərdə tutulur.



Xəbəri paylaş










