Görkəmli alimə ehtiram

Professor Qəhrəman Qəhrəmanovun 100 illik yubileyi qeyd olunub
Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar elm xadimi, “Şöhrət” ordenli tibb elmləri doktoru professor Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış mühüm bir ənənə olduğunu deyib: "Həmin ənənəyə əsasən, xalqımızın, elmimizin, təhsilimizin və səhiyyəmizin inkişafında əvəzsiz xidmətləri olan şəxsiyyətlərin xatirəsi daim ehtiramla yad edilir, yubileyləri yüksək səviyyədə keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə Azərbaycan Tibb Universitetində də ardıcıl şəkildə qorunur və yaşadılır".
Professor Gəray Gəraybəyli Qəhrəman Qəhrəmanovun həyat və fəaliyyətinə nəzər salıb, onu Azərbaycan tibb elminin korifeylərindən biri kimi səciyyələndirib. Qeyd edib ki, neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı olan Qəhrəman Qəhrəmanov bütün şərəfli ömrünü tibb elminin inkişafına, elmi həqiqətlərin üzə çıxarılmasına və gənc nəslin yetişdirilməsinə həsr edib. Alimin saf əqidəli, yüksək mənəvi keyfiyyətlərə və zəngin intellektə malik örnək bir ziyalı olduğunu deyən rektor onun gənclik illərində Bahadur Eyvazov, Kamil Balakişiyev, Fuad Əfəndiyev, Mustafa Topçubaşov, Zülfüqar Məmmədov, Abdulla Qarayev və Əhəd Həsənov kimi görkəmli alimlərin elmi və mənəvi təsiri ilə elm yolunu seçdiyini, ömrünü fiziologiya elminin inkişafına həsr etdiyini, bu seçimin Azərbaycan tibb elmi üçün böyük qazanc olduğunu söyləyib: “Uzun illər Normal fiziologiya kafedrasında çalışan alimin elmi-pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilib. O, “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, bir sıra orden və medallar, o cümlədən müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeni ilə təltif edilib”.
Professor Qəhrəman Qəhrəmanovun çoxsaylı elmi məqalələrin, monoqrafiyaların və dərsliklərin müəllifi olduğunu xatırladan rektor, xüsusilə, onun 2001-ci ildə nəşr edilən “Beynin və ürəyin sirlərinə pəncərələr” kitabının bu gün də fiziologiya sahəsində dəyərli mənbə kimi istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Qəhrəman Qəhrəmanov yalnız alim deyil, həm də geniş dünyagörüşə malik ensiklopedik bilikli bir ziyalı idi: “O, mühazirələrində tibb və fiziologiyanın ən son nailiyyətlərini tarix, fəlsəfə, poeziya və ədəbiyyatla ustalıqla əlaqələndirir, Nizami, Nəsimi, Tusi, Əl-Fərabi, İbn Sina kimi dahilərin fikirlərinə müraciət edərək tələbələrinə təkcə bilik deyil, həm də həyat fəlsəfəsi aşılayırdı”.
Konfransda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov professorun böyük elmi məktəb yaratdığını qeyd edib: “Hər bir tədqiqatçının, böyük alimin fəaliyyətinin zirvəsi onun yaratdığı elmi məktəbdir. Qəhrəman Qəhrəmanov da, sözün əsl mənasında, böyük bir elmi məktəb yaradıb və hesab edirəm ki, belə böyük alimlərimizin, mütəxəssislərimizin yubileylərinin keçirilməsi vacibdir. Çünki gənc nəsil elmimizin, səhiyyəmizin, təhsilimizin keçmişini yaxşı bilməlidir. Bütün ömrünü öz xalqına, Vətəninə həsr etmiş insanların ömrü o xalqların ömrü qədərdir. Professor Qəhrəman Qəhrəmanov da məhz belə şəxsiyyətlərdəndir”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə Qəhrəman Qəhrəmanovun tələbəsi kimi xatirələrini bölüşərək, onun mürəkkəb fiziologiya elmini sadə və anlaşılan dildə izah etmək bacarığını xüsusi qeyd edib: “Qəhrəman müəllim bizə çox mürəkkəb bir elm olan İnsan fiziologiyası fənni üzrə dərs deyirdi. Əslində, fiziologiya insanın həyatıdır. Bizim fiziki və psixi sağlamlığımız fiziologiyadır. Bu elmin müasir nailiyyətlərinə baxmayaraq, hələ də qaranlıq məqamları qalır və hər il yeni kəşflər çıxır. Qəhrəman müəllim mürəkkəb elmi, insan fiziologiyasını biz tələbələrə asan, bizim başa düşə biləcəyimiz dildə izah edirdi və mühazirələri çox maraqlı keçirdi. Qəhrəman müəllim öz mühazirələrində, təbii ki, fiziologiyadan, elmi məsələlərdən, öz eksperimentlərindən, xüsusilə də elmi rəhbəri Anokin və onun təcrübəsindən maraqlı hadisələr danışardı. O vaxt internet yox idi, Qəhrəman müəllimin mühazirələri bizə fantastik məlumatlar kimi gəlirdi. Amma mühazirələr zamanı həm də ədəbiyyatdan, Azərbaycan tarixindən danışır, şeirlərdən misralar deyir və bunu fiziologiya ilə uzlaşdırırdı. Qəhrəman müəllimin əziz xatirəsinə belə bir möhtəşəm konfransın təşkil olunmasına görə universitetin rəhbərliyinə də təşəkkür edirəm”.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ATU-nun Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədov görkəmli alimin həyat və elmi irsinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Professorlar İbadulla Ağayev və Paşa Qəlbinur xatirə çıxışlarında Qəhrəman Qəhrəmanovun Azərbaycan tibb elminə verdiyi əvəzsiz töhfələrdən danışıblar.
Konfrans zamanı professorun həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli filmin təqdimatı da keçirilib.
Qəhrəman Qəhrəmanovun ailə üzvləri adından çıxış edən oğlu, professor Aydın Qəhrəmanov atasının xatirəsinə göstərilən bu ehtirama görə universitetin rəhbərliyinə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.
Elmi-praktik konfransın işi sessiyalarla davam edib.
Xəbəri paylaş










