Meyit donorun böyrəyi daha bir ailəyə ümid, xəstəyə yeni həyat verib

Axşam saatlarında daxil olan təcili məlumat daha bir insanın həyatını dəyişib. Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən xəstələrdən birinə – İsrafil Məmmədova tam uyğun gəlib.
Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin operativ fəaliyyəti nəticəsində məlumat dərhal transplantasiya komandasına ötürülüb. Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komanda yüksək peşəkarlıqla çalışaraq donor böyrəyini uğurla köçürüb. Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.
“Həkim olaraq demək istəyirəm ki, orqan nəqli həqiqətən möcüzədir. Biz bu möcüzəyə hər gün şahidlik edirik. Donor ailələrinə, əməliyyatda və donorluq prosesində əməyi olan hər kəsə, xüsusilə də Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin kollektivinə və mərkəzin rəhbəri Yeganə Abbasovaya təşəkkür edirəm”, – deyə Tariyel Nadirov bildirib.
“Donor ailəsinin göstərdiyi nəciblik, həkim komandasının peşəkarlığı və koordinasiya sisteminin operativliyi sayəsində daha bir insan sağlamlığına qovuşub. Bu uğurlu əməliyyat orqan donorluğunun cəmiyyət üçün nə qədər böyük dəyər daşıdığını xatırladır və bir daha göstərir ki, bir insanın verdiyi həyat hədiyyəsi başqa bir insanın yaşamasına imkan yaradır”, - deyə məlumatda vurğulanıb.
Xəbəri paylaş










