Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) yanında Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman), Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun rəhbəri Səbinə Əliyeva, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri professor Teymur Qafarov, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti professor Nadir İsmayılov, ekspertlər, vətəndaş cəmiyyəti təsisatlarının və media subyektlərinin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən ombudsman Səbinə Əliyeva psixi sağlamlıq hüququnun insanın tibbi yardım almaq, stiqma və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv mühitdə yaşamaq imkanlarını özündə birləşdirdiyini qeyd edib. Müvəkkil vurğulayıb ki, beynəlxalq sənədlərdə psixi sağlamlıq hüququ anlayışı geniş yer alır və bu istiqamətdə beynəlxalq prinsiplərdən istifadə etməklə ölkəmizdə hüquqi bazanın və praktiki mexanizmlərin təkmilləşdirilməsi zəruridir.
Səbinə Əliyeva Ombudsman təsisatının psixi sağlamlıq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. O, psixiatriya müəssisələrinə mütəmadi başçəkmələrin həyata keçirildiyini, mövcud vəziyyətin yaxşılaşdırılması, əhalinin hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına təkliflər təqdim olunduğunu bildirib.
Ombudsman qeyd edib ki, yaradılmış Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrup bu istiqamətdə mütəxəssisləri bir araya gətirməklə, psixi sağlamlıq problemlərinin həlli, dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi və səmərəli fəaliyyətin təmin edilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
Səbinə Əliyeva vurğulayıb ki, psixi sağlamlıq və insan hüquqları sahəsində qarşıda duran vəzifələrin icrası çoxşaxəli əməkdaşlıq tələb edir və bu məsələlərin həlli yalnız bir qurumun səlahiyyətləri çərçivəsində mümkün deyil. Onun sözlərinə görə, yeni formalaşdırılan İşçi qrupun yaradılmasında məqsəd dövlət qurumları, mütəxəssislər və vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlıq platforması qurmaq, bu sahədə insan hüquqlarının müdafiəsini gücləndirmək, həmçinin hüquqi və institusional mexanizmləri təkmilləşdirməkdir: “İşçi qrupunun tərkibinə deputatlar, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, psixi sağlamlıq üzrə təcrübəli ekspertlər və Ombudsman Aparatının əməkdaşları daxildir. Məhz bu cür geniş tərkibin müəyyən olunması məsələyə kompleks yanaşmanı təmin edir. Psixi sağlamlıq sahəsində qarşıya qoyulan məqsədlərə hökumət, parlament, akademik qurumlar, səhiyyə sistemi, vətəndaş cəmiyyəti və media nümayəndələrinin birgə fəaliyyəti nəticəsində nail olmaq mümkündür”, – deyə ombudsman vurğulayıb.
O qeyd edib ki, builki Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu olan “Fövqəladə hallar və böhranlar zamanı psixi sağlamlıq xidmətlərinə çıxış” yanaşması müharibə, təbii fəlakət, pandemiya və digər fövqəladə vəziyyətlər zamanı psixoloji dəstək xidmətlərinin əlçatanlığını insan hüquqlarının tərkib hissəsi kimi ön plana çıxarır. Belə hallarda insanların yaşadığı stres, travma və qorxunun onların həyat keyfiyyətinə uzunmüddətli təsir göstərməsi xüsusi diqqət tələb edir. “Bu mövzu, təəssüf ki, bizim cəmiyyət üçün son dərəcə aktualdır. Ölkəmiz Birinci və İkinci Qarabağ müharibələrinin ağır nəticələrini yaşamışdır. Müharibələr yalnız fiziki dağıntılarla bitmir, onların mənəvi və psixi təsirləri uzun illər davam edən yaralar qoyur. Köçkünlük, itkilər, əsirlik halları, partlayıcı qalıqların yaratdığı təhlükələr, ailə və icma bağlarının zədələnməsi minlərlə vətəndaşımızın psixi vəziyyətinə mənfi təsir göstərmişdir”, – deyə Ombudsman bildirib.
O əlavə edib ki, müharibə və postmüharibə dövründə zərərçəkmiş şəxslərə, onların ailə üzvlərinə və yaxınlarına mütəxəssislər tərəfindən psixoloji və tibbi dəstək göstərilməsi məqsədilə Ombudsmanın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində – Gəncə, Şəki, Ağstafa və Lənkəranda xüsusi aksiyalar təşkil olunub.
“Psixi sağlamlıq yardımı müharibədən sonrakı bərpa prosesinin mühüm tərkib hissəsidir. Ombudsman olaraq, qazilərin və şəhid ailələrinin psixososial reabilitasiyasını daim diqqətdə saxlayır və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsini tövsiyə edirik. Böhran anlarında hər bir şəxs psixoloji yardım və reabilitasiya imkanlarına çıxış əldə etməlidir, heç kəs bu prosesdən kənarda qalmamalıdır”, – deyə Səbinə Əliyeva vurğulayıb.
İclasda çıxış edən iştirakçılar psixi sağlamlıq sahəsində insan hüquqlarının qorunması istiqamətində Ombudsman təsisatının fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Cəmiyyətin maarifləndirilməsi, stiqma və stereotiplərin aradan qaldırılması, tibbi xidmətə əlçatanlığın artırılması, eləcə də psixi sağlamlıq sistemində mövcud problemlərin həlli üzrə təklif və tövsiyələr səsləndirilib.
Sonda iclasın yekunları üzrə qərarlar qəbul edilib.


Xəbəri paylaş



Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova