Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə AMEA-nın Rəyasət Heyətində görkəmli alim və cərrah, ictimai-siyasi xadim, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Tədbirdə AMEA-nın, Səhiyyə Nazirliyinin, Milli Məclisin Səhiyyə Komitəsinin rəhbər şəxsləri, AMEA-nın Rəyasət Heyətinin və Biologiya və tibb elmləri bölməsinin üzvləri, Səhiyyə Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin bir sıra elmi müəssisələrinin direktorları, Azərbaycan Tibb Universitetinin, Mərkəzi Klinikanın və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nümayəndələri, həmçinin akademik Mustafa Topçubaşovun ailə üzvləri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Mustafa Topçubaşovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin binasında akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə tədbirlər həyata keçirdiyini söyləyib. Qeyd edib ki, ilkin olaraq iyul ayında hər iki qurumun birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib, bu günlərdə isə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxalq elmi-praktik konfrans baş tutub. Həmçinin müvafiq Tədbirlər planına uyğun olaraq, AMEA tərəfindən akademik Mustafa Topçubaşovun biblioqrafiyasının yenidən nəşr edildiyi diqqətə çatdırılıb.
Mustafa Topçubaşovun qeyri-adi fitri istedada malik insan olduğunu deyən akademik İsa Həbibbəyli onun böyük nüfuza malik, xalqın inandığı, təbabətin bütün sirlərini bilən və bir çox istiqamətdə fəaliyyət göstərən, cərrahiyyənin loğmanı olduğunu deyib. Bildirib ki, praktiki cərrahlıq elmi məktəbinin yaradıcısı kimi alimin nailiyyətləri ona həm Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrət qazandırıb.
Mustafa Topçubaşovun praktiki cərrahiyyə fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlarla dərindən məşğul olduğunu deyən AMEA rəhbəri alimin beş cildlik “Xüsusi cərrahlıq” kitabının bu gün də ali təhsil müəssisələrində tələbələrin dərs vəsaiti kimi istifadə edildiyini bildirib.
Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyətindən danışan akademik İsa Həbibbəyli bildirib ki, o, 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olub və akademik seçilib, Biologiya elmləri bölməsinin akademik-katibi, Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Həmçinin 50 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri kimi peşəkar kadrların hazırlanmasında müstəsna xidmətləri olub.
Alimin Azərbaycan SSR Ali Sovetinin sədri və üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, xaraktercə sülhsevər, yüksək insani dəyərlərə malik alim həm də Respublika Sülhü Müdafiə Komitəsinin sədri olub.
Sonra Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir. O qeyd edib ki, Mustafa Topçubaşov dövrün elm mərkəzlərindən sayılan Kiyev Universitetinin Tibb fakültəsini bitirmiş, intensiv praktik fəaliyyəti ilə yanaşı, elmi araşdırmalara böyük maraq göstərmişdir. Onun uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işlədiyini deyən Teymur Musayev bildirib ki, bu sahədə apardığı elmi axtarışlar Mustafa bəyə 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodonu – inyeksion efir-yağ narkozunu daxil etməyə imkan vermişdir. “1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilmişdir. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq A.Vişnevski adına mükafata və diploma layiq görülmüşdür. Hərbi-səhra cərrahlığının aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə təcrübədə tətbiq edilib”, - deyə nazir diqqətə çatdırıb.
Teymur Musayev vurğulayıb ki, akademikin tibb elmində irəli sürdüyü yeniliklərdən biri də borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsuludur. Eyni zamanda, Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəzi kimi həyati orqanlara abdomino-diafraqmal və bel-diafraqmal yollarla müdaxilənin müəllifi olaraq, urologiya, travmatologiya, neyrocərrahiyyə, abdominal və torakal cərrahiyyə sahələrində mühüm yeniliklərə imza atmışdır.
Mustafa Topçubaşovun genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olduğunu və yüksəkixtisaslı həkim kadrların hazırlanmasında böyük xidmətlər göstərdiyini deyən nazir onun layihəsi üzrə kafedrada tələbələrə cərrahi müdaxilənin bütün gedişatını izləməyə imkan verən operasion auditoriyanın təşkil edildiyini vurğulayıb. Bildirib ki, onun qələmə aldığı beş cildlik “Xüsusi cərrahlıq” dərsliyi faktiki materiallar, elmi əsaslandırmalar və əhatəli təsvirləri ilə elmi ictimaiyyətin diqqətini cəlb edib.
“Mustafa Topçubaşovun xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində və bölgələrdə küçələr onun adı ilə adlandırılıb. Haqqında filmlər çəkilib, adına poçt markası buraxılıb. Bakıda onilliklər boyu əhaliyə yüksək keyfiyyətli tibb xidməti göstərən Elmi Cərrahiyyə Mərkəzi onun adını daşıyır. Səhiyyə Nazirliyinin Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak etmişlər. Topçubaşovun ömür yolu bu gün cərrahlığı məslək seçən, cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir. Həkimlik peşəsini özünə əqidə seçən hər bir kəs ömründə bircə dəfə də olsun Mustafa bəylə çiyin-çiyinə durmaq, elmi təfəkküründən bir zərrə alıb parlamaq arzusunda olmuşdur”, - deyə Teymur Musayev qeyd edib.
Nazir dünya tibb elminin inkişafında əvəzsiz rol oynamış akademik Mustafa Topçubaşovun zəngin irsinin və əziz xatirəsinin ölkəmizin ictimaiyyəti tərəfindən daim hörmət və minnətdarlıqla yad edildiyini bildirib.
Sonra çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan xalqını dünyada tanıdan, şöhrət gətirən insanların yubileylərinin keçirilməsi gözəl ənənəyə çevrilib. Bu ənənənin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhliman Əmiraslanov bildirib ki, alimin həyatına nəzər saldıqda “ilk olaraq”, “ilk dəfə” sözlərinin onu xarakterizə etdiyinin şahidi oluruq. Natiq diqqətə çatdırıb ki, Topçubaşov Kiyev Universitetinin Tibb fakültəsində təhsil almış ilk azərbaycanlı alim, ilk milli azərbaycanlı cərrah, BDU-nun Tibb fakültəsində cərrahiyyəni tədris edən və kafedra müdiri olan ilk azərbaycanlı şəxsdir: “Topçubaşov müharibə dövründə ilk dəfə ixtisaslı hospital təşkil etmiş, soydaşlarımızı xilas etmişdir. Həmçinin o, “Stalin” mükafatını alan ilk azərbaycanlı həkimdir”.
Onun geniş və çoxşaxəli fəaliyyətində İrəvan mühitinin böyük rolu olduğunu deyən Əhliman Əmiraslanov İrəvan Kişi Gimnazisyasının bir çox tanınmış xadimlərimizi - Əziz Əliyev, Heydər Hüseynov, Əhməd Rəcəbov, Səid Rüstəmov, Həsən Seyidov və başqalarını yetişdirdiyini bildirib.
Topçubaşovun böyük elmi məktəb yaratdığını, onun yetirmələrinin bu gün də Azərbaycan cərrahiyyəsinə öz töhfələrini verdiyini xatırladan akademik Əhliman Əmiraslanov alimlə bağlı xatirələrini də bölüşüb.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Mustafa Topçubaşovun elmi və elmi-təşkilati fəaliyyəti haqqında” məruzə ilə çıxış edib.
Tədbirdə həmçinin Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və ATU-nun Akademik M.Topçubaşov adına III Cərrahi xəstəliklər kafedrasının doktorantı Hilalə Abbasova çıxış edərək akademik Mustafa Topçubaşovun Azərbaycan tibb elminə, səhiyyəsinə, yüksəkixtisaslı kadr hazırlığı işinə verdiyi töhfələrdən danışıblar.
Sonda Topçubaşovlar ailəsi adından Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edib, atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Xəbəri paylaş










