Səhiyyə naziri ÜST-nin Avropa Regional Komitəsinin Daimi Komitəsinə üzv seçilib

Azərbaycan nümayəndə heyəti qurumun 75-ci sessiyasında iştirak edib
Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyası keçirilib. Sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmilər iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirin açılışında ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd edib, Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən işlər haqqında danışıb.
ÜST-nin rəsmi saytı xəbər verir ki, toplantıya onlayn qoşulan Baş direktor ümumilikdə Avropa regionunda və bölgənin hər bir ölkəsində qeyd edilməli uğurların və həll olunmalı çətinliklərin olduğunu söyləyib: “Səhiyyə xidmətləri ilə ümumi əhatələnməyə gəldikdə, ölkələrin xidmətlə əhatə dairəsini, maliyyə müdafiəsini, dərmanlara və immunizasiyaya çıxışı genişləndirmək üçün addımlar atmasını, eyni zamanda, ilkin səhiyyə xidmətini, səhiyyə işçi qüvvəsini və tibbi xidmətin keyfiyyətini gücləndirməsini görmək sevindirici haldır. Sağlamlığın və rifahın təşviqi baxımından, yoluxucu və qeyri-yoluxucu xəstəliklərə, iqlim dəyişikliyinə, antimikrob müqavimətinə və digər məsələlərə yenidən diqqət yetirilir”.
Tedros Gebreyesus effektiv və səmərəli fəaliyyətinə görə Regional Ofisin işini çox yüksək qiymətləndirdiyini söyləyib.
Öz növbəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlərə dair məlumat verib.
Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim olunub. Gündəliyə ÜST-nin növbəti beşillik üçün “Avropa İş Proqramı 2026–2030” sənədinin müzakirəsi, idarəetmə orqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqi kimi mühüm məsələlər daxil edilib.
2026–2030-cu illəri əhatə edən İkinci “Avropa İş Proqramı” (AİP-2) ÜST Avropa Regional Bürosu və ÜST-nin Avropa regionuna daxil olan üzv-dövlətlər tərəfindən geniş məsləhətləşmələr çərçivəsində birgə hazırlanıb. Sənəd iki məqsəd güdür: ölkələri və partnyorları ən aktual səhiyyə problemlərinin həlli üzərində iş zamanı strateji baxışla və “sağlamlıq kompası” ilə təmin etmək; ÜST Avropa Regional Bürosunun səhiyyənin inkişafı üzrə beşillik fəaliyyət planını təqdim etmək.

“Avropa İş Proqramı” Azərbaycan səhiyyəsinin gələcək istiqamətlərinə uyğundur
Daha sonra Regional Komitənin üzv dövlətlərinin səhiyyə nazirləri və digər rəsmilər çıxış ediblər.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun gələcəyin sağlamlıq sistemini formalaşdırmaq məqsədilə təşəbbüslərini və üzv dövlətlərin milli səhiyyə sistemlərinin transformasiyasını dəstəkləməsini yüksək qiymətləndirir. O bildirib ki, “Avropa İş Proqramı”nda müəyyən edilmiş üç əsas prioritet Azərbaycanın milli səhiyyə sisteminin gələcək istiqamətləri ilə uyğundur.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son illər milli səhiyyə sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran nazir deyıb: “Vətəndaşların sağlamlığının qorunması və sosial rifahının yüksəldilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Vətəndaşların uzunömürlülüyünün artmasını nəzərə alaraq, sağlamlıq prioritet məsələ olaraq qalmalıdır”.
Müasir zamanda süni intellektin, iri həcmli məlumatların və rəqəmsal həllərin səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynadığını bildirən Teymur Musayev deyib: “Bu texnologiyaların potensialından tam şəkildə istifadə etmək üçün süni intellektin qanunvericilik çərçivələrinə daxil edilməsi, onun məsuliyyətli və etik istifadəsi vacib məsələdir. Bununla belə, rəqəmsal alətlər insan əməyini əvəz etməməli, əksinə, fəaliyyətlərdə tamamlayıcı rol oynamalıdır”.
Tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2025-2028-ci illər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi Komitəsinə (SCRC) üzv seçilib.
Azərbaycan nümayəndəsinin Komitəyə üzv seçilməsi ölkəmizin səhiyyə sahəsində uğurlarının tanınmasıdır, eyni zamanda, onun beynəlxalq səhiyyə siyasətində rolunun daha da güclənməsinə və ÜST-nin Avropa regionunda qəbul edilən qərarların formalaşmasında iştirakının təmin olunmasına şərait yaradacaq.

İkitərəfli görüşlər
Azərbaycanın səhiyyə naziri ÜST-nin Avropa Regional Komitəsinin 75-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.
İlk olaraq Teymur Musayevin ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge ilə görüşü baş tutub. Görüş zamanı nüfuzlu səhiyyə qurumları, o cümlədən ÜST ilə yüksək səviyyəli əlaqələrin mövcudluğu xüsusi vurğulanıb.
İslandiyanın sabiq Baş naziri, ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının sədri xanım Katrin Yakobsdottir ilə görüşdə ötən il COP29 kimi mötəbər tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edildiyi bildirilib. Eyni zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyi yüksək qiymətləndirilib.
Tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib. O cümlədən, “Sağlam həyatın sağlam başlanğıcı: 2026-2030-cu illərdə ÜST-nin Avropa regionunda uşaqların və yeniyetmələrin sağlamlığının və rifahının mühafizəsi strategiyası”, “2025-2030-cu illərdə ÜST-nin Avropa regionunda ictimai səhiyyənin maraqları üçün innovasiyaların istifadəsi strategiyası” və “Qocalmaq həyatdır: 2026-2030-cu illərdə ÜST-nin Avropa regionunda həyatın hər mərhələsində insanların sağlamlığının və rifahının təmin olunması strategiyası” kimi 3 proqram sənəd müzakirə olunub.
Xəbəri paylaş











