Ağciyər xəstəliklərinin müasir diaqnostika və müalicə üsulları müzakirə olunub

Ağciyər xəstəliklərinin müasir diaqnostika və müalicə üsulları müzakirə olunub

Ümumdünya Ağciyər Sağlamlığı Günündə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşkil edilmiş beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə ağciyər xəstəliklərinin müasir diaqnostika və müalicə üsulları, bu sahədə elmi yeniliklər və beynəlxalq əməkdaşlığın inkişafı mövzuları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov ağciyərin insan orqanizmində həyati vacib orqan olduğunu deyib, bildirib ki, təmiz hava ilə nəfəs almaq, daha sağlam ağciyərlərlə yaşamaq uzun ömür sürməyə imkan verir. O, vətəndaşların ağciyər xəstəlikləri, onların səbəb və nəticələri ilə bağlı maarifləndirilməsi tədbirlərinin tibb işçilərinin üzərinə düşdüyünü qeyd edib: "Ekoloji amillər, tütünçəkmə kimi zərərli vərdişlər ağciyərlərin sağlamlığına mənfi təsir edir. Səhiyyə işçilərinin görə biləcəkləri profilaktik işlərdən başqa, tibbi tədbirlər də var. Bunlardan biri ağciyər xəstəliklərinin erkən diaqnostikasıdır. Digər məsələ inhalyasyon dərmanların əlçatanlığıdır. Bir çox ağciyər xəstəliklərinin müalicəsində istifadə olunan həmin dərmanlar effektiv olsalar da, qiyməti çox bahadır. Onların əlçatanlığında müəyyən çətinliklər var. Ona görə də bu istiqamətdə işlər görməliyik".
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov çıxışı zamanı bu ilin ən vacib tədbirlərindən birinin Milli Məclisdə vərəmlə mübarizəyə həsr edilən dinləmənin keçirilməsi olacağını vurğulayıb. Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, parlament səhiyyənin inkişafını davamlı olaraq dəstəkləməyə hazırdır: "İstənilən sahədə əldə olunan uğurlar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında həm sosial, həm iqtisadi, həm də humanitar istiqamətdə inkişafının bariz nümunəsidir. Xüsusilə səhiyyəmizin inkişafında uğurlar göz qarşısındadır. Milli Məclis səviyyəsində də davamlı olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi, vərəmlə mübarizədə lazım olan tədbirlərin görülməsi üçün işlər aparılır. Müvafiq qurumların gördüyü işlərlə bərabər, Milli Məclis də tələb olunan bütün qanun dəyişikliklərini etməyə hazırdır".
Azərbaycanda ağciyər xəstəlikləri ilə mübarizə sahəsində inkişaf olduğunu deyən Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, vərəmlə mübarizədə görüləcək işlərin yüksək səviyyəyə çatdırılması, xidmətin təkmilləşdirilməsi üçün layihələr həyata keçirilir. Qeyd olunub ki, həmin məqsədlə 32 kənd həkim məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Vərəmlə mübarizə tədbirlərinə innovasiyalar və yeniliklər daxil edilib: “Burada gizli aşkarlanma, erkən diaqnostika, güclü qanunvericilik, dayanıqlı idarəetmə və multisektoral yanaşma olmalıdır. Vərəmlə mübarizə aparmaq üçün normativ hüquqi aktlar güclü olmalı, qanunvericilik günün tələblərinə cavab verməlidir. Sosial xidmətlər vərəm xəstələri üçün əlçatan olmalı, tibb işçilərinin sosial təminatı gücləndirilməlidir. Sevindiricidir ki, vərəmlə mübarizədə nailiyyətlər əldə olunub. Ölkəmizdə MDB məkanında ilk və tək beynəlxalq statuslu Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq mərkəzi açılıb. Bu günə qədər ölkəmizin vərəmlə mübarizə təcrübəsini 23 ölkədən 200-dən çox mütəxəssis öyrənib”.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vərəmlə mübarizənin dünyada aktual problemlərdən biri olduğunu, Ümumdünya Səhiyyə Təşkilatının, bir çox təşkilat və dövlətlərin səylərinə baxmayaraq, gündəlik 4000-4500 xəstənin həmin xəstəlikdən həyatını itirdiyini, onlardan 600-700-nün uşaqlar olduğunu diqqətə çatdırıb: “Bu, problemin miqyasını göstərir, bizi daha əzmlə və mütəşəkkil çalışmağa sövq edir”.
Ölkəmizdə vərəmlə mübarizə tədbirlərindən bəhs edən Anar İsrafilov müsbət nəticələrin də müşahidə edildiyini bildirib: "Sumqayıtda xəstələrin dərmanları birbaşa evlərinə çatdırılır və videokonfrans vasitəsilə qeydə alınır. Bu da yoluxmanın qarşısının alınması üçün çox önəmlidir. Müayinələrin yerlərdə profilaktik qurğularla aparılmasını planlayırıq. Xəstəliyin aradan qaldırılmasında mütəşəkkillik çox vacibdir".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova 2021-ci ildən ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edildiyini və bu gün də prosesin uğurla davam etdiyini bildirib: "Bu gün Xidmətlər Zərfində 3315-dən artıq xidmət mövcuddur ki, onlar arasında ağciyər xəstəliklərinin müayinəsi, müalicəsi və profilaktikasına aid xidmətlər də yer alıb".
Tədbir təqdimatlar və mövzular ətrafında müzakirələrlə davam edib.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova mətbuata açıqlamasında deyib ki, Azərbaycanda Vərəmə nəzarət üzrə Milli Strateji Plan üzərində iş gedir. Həmin plan vərəmlə mübarizədə 2026-2030-cu illər üzrə əsas tədbirləri əhatə edəcək.
O bildirib ki, Milli Məclisin Səhiyyə komitəsində vərəm mövzusu ilə əlaqədar dinləmələr planlaşdırılır. Həmin dinləmədə vərəmlə mübarizədə əldə edilən nailiyyətlərlə yanaşı, bu yolda qarşıya çıxan çətinliklər və problemlərdən də söhbət açılacaq.
"Hər birimiz Prezident İlham Əliyevin Böyük Qayıdış proqramının iştirakçısıyıq. Səhiyyə Nazirliyinin nəzdində olan elmi tədqiqat institutları da nazirin göndərişi və tövsiyəsi ilə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan sakinlərin tibbi müayinəsini aparır. Biz də azad edilmiş ərazilərdə əhalinin ağciyər müayinəsini həyata keçiririk. Belə ki, o torpaqlara böyük komanda və avadanlıqlarla yollanır, sakinlərin şikayətlərini dinləyib onlara kömək edirik. İndiyə kimi 5 rayonda bu cür müayinələr aparılıb. Növbəti belə aksiyada Xankəndidə məskunlaşan sakinlərə 21 nəfərlik heyətlə tibbi xidmət göstərəcəyik", - deyə İradə Axundova fikirlərini tamamlayıb.


Xəbəri paylaş



Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova