Tibb müəssisələrində qida normaları dəyişdirildi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının təsdiq edilməsi və “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Sənədə əsasən Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 437 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə üç sənəd – tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin orta sutkalıq qida normalarını təsdiq edib.
Eyni zamanda, “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ləğv olunub.
Maliyyə Nazirliyinə yeni qida normaları nəzərə alınmaqla, müvafiq müəssisələrin bu ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etmək tapşırılıb.
Qərara 1 nömrəli əlavədə tibb müəssisələrində xidmət alan şəxslər üçün orta sutkalıq qida normaları, o cümlədən bir yaşadək uşaqlar üçün normalar, 1-18 yaşlı uşaqlar üçün ayrı-ayrılıqda ümumi şöbədə müalicə alan, onların mexaniki və kimyəvi qıcıqlandırıcılardan qorunması üçün olan, eləcə də yüksək və aşağı zülal tərkibli, yüksək və aşağı enerji tərkibli qida normaları, həmçinin 18 yaşdan yuxarı şəxslər üçün sutkalıq qida normaları müəyyən edilib.
Sənəddə qida dəyəri üzrə qida məhsullarının əvəzlənməsi cədvəli də verilib. Həmçinin tibb müəssisələrində şəxslərin qidalanması zamanı istifadə edilməyən məhsullar da göstərilib.
Xəbəri paylaş











