Səhiyyə Nazirliyində Azərbaycan – Yaponiya əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin tibb elmi, kadr hazırlığı, müasir tibbi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində yeni imkanlar müzakirə olunub.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov və səfir Katsuya Vatanabe səhiyyə infrastrukturunun inkişafı, xəstəliklərin profilaktikası və innovativ müalicə üsullarının tətbiqi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Səfir Katsuya Vatanabe Azərbaycan – Yaponiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib, gələcəkdə birgə layihələrin reallaşdırılmasına hazır olduqlarını bildirib.
Görüş səmimi və konstruktiv mühitdə keçirilib.
Xəbəri paylaş








