Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupu fəaliyyətə başladı

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlanan 3-cü Milli Prioritetinə uyğun olaraq yaradılmış “Sağlam həyat tərzi” Alt işçi qrupunun ilk iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda həmin işçi qrupunun rəhbəri olan səhiyyə naziri Teymur Musayev, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
Tədbiri açan səhiyyə naziri Teymur Musayev ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunmaqla ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb.
İclasda səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxış edib.
Müzakirələr zamanı işçi qrupun üzvləri 2027–2030-cu illər üzrə yeni strategiyanın konturlarının müəyyənləşdirilməsi, sağlam həyat tərzinin təşviq edilməsi, səhiyyə sisteminin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi ilə bağlı təkliflərini səsləndiriblər.
İclasın sonunda nazir Teymur Musayev qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın effektiv icrası üçün yaradılmış sahəvi alt işçi qruplar öz fəaliyyətlərini ayda ən azı bir dəfə olmaqla intensiv şəkildə davam etdirməlidirlər. Nazir vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendləri nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapmalıdır.
Bu iclas sağlam həyat tərzinin təşviqinə dair qarşıdakı illər üçün konkret addımların təməlini qoyan mühüm bir mərhələ kimi qiymətləndirilir.
Xəbəri paylaş