Ümumdünya Tütünsüz Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “ZefirMall” ticarət mərkəzində əhali üçün maarifləndirici aksiya təşkil edilib. İSİM-dən verilən məlumata görə, aksiyanın məqsədi tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılması olub.
Ümumdünya Tütünsüz Gününə həsr olunmuş aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının təyin edilməsi) dəvət ediliblər, onlara həkim və ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.
Vurğulanıb ki, son vaxtlar dünya ölkələrində qeyri-infeksion, o cümlədən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə isə tütünçəkmə və digər zərərli vərdişlərə aludəlik, fiziki passivlik və qeyri-sağlam qidalanma aiddir. Xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün iştirakçılara sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair geniş çeşiddə maarifləndirici materiallar paylanılıb.
Xəbəri paylaş