"Böyük Qayıdış"la sağlam gələcək

Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda
Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə əhali arasında kompleks tibbi müayinələri, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Xankəndi şəhəri və Xocalı rayonunda keçirilib. İnstitutun artroloq, nevroloq, qastroenteroloq, dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacılarından ibarət heyəti ikigünlük aksiya çərçivəsində əhali üçün səyyar müayinələr təşkil edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Elmi Tədqiqat İnstitutunun mütəxəssis briqadası tibbi reabilitasiyanın müxtəlif istiqamətləri – nevroloji, artroloji, qastroenteroloji və fizioterapevtik müayinələri keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) və EEQ (elektroensefaloqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri-zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaşlı əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.

Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etmək olar.
Aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Tədbirin çərçivəsində ETTBİ tərəfindən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tələbələr üçün maarifləndirmə və müayinə aksiyası keçirilib. Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr verilib.
Xəbəri paylaş