“Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi keçirilib

“Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi keçirilib

Bakıda keçirilən “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin rəsmi açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən konqresdə Dövlət Himni səsləndirilib, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda videoçarx nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin IX Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda səhiyyənin və tibb elminin inkişafına böyük töhfələr verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub. O vaxtlar bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb: “Elmi Tədqiqat Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib. Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və təbabətlə bağlı məsələlərə böyük diqqət yetirildi. Ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıtdılar. Həmin tələbələr sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların öz tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”.

Səhiyyə nazirinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da səhiyyə, tibb elmi və tibb təhsilini diqqət mərkəzində saxlayırlar: “Müstəqil Azərbaycanda tibb və səhiyyə sahəsində bilavasitə ölkə rəhbərliyinin nəzarəti ilə çox vacib islahatlar aparılır. Bunların arasında ən vacibi səhiyyənin yeni maliyyələşmə sisteminə keçməsi, icbari tibbi sığorta sisteminin tətbiqidir. Yüksək texnologiya tələb edən və bahalı bir çox əməliyyatlar, müalicə üsulları, o cümlədən kardiocərrahiyyə əvvəllər əhalinin müəyyən təbəqəsinə əlçatan deyildi. Bu sistemin tətbiqi hesabına indi onlar əlçatandır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib ki, bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib, ölkəmizdə kardiocərrahiyyənin inkişafı məhz onun sayəsində olub: “Vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Elmi Tədqiqat Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda bu institutu yaratmaq o qədər də asan deyildi, bu, SSRİ rəhbərliyi səviyyəsində həll olunan məsələ idi. Bu institut məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Ümummilli Liderin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. O zaman Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparıldı, yeni avadanlıqlar gətirildi və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanıldı. Belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlandı. 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə göndərilən cəmi 10 nəfərdən biri Kamran Musayev idi. İlk növbədə qarşıda ürək-damar cərrahiyyəsi sahəsində mütəxəssislərin hazırlanması məsələsi dururdu. Sonradan, göndərilən tələbələrin və ixtisasların sayı artdı”.
Komitə sədri qeyd edib ki, bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, ötən il tibb müəssisələrimizdə 36 mindən çox ürək-damar əməliyyatı icra olunub, bu qədər həyat xilas edilib. Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir, on minlərlə vətəndaş bu xidmətlərdən istifadə edir. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi nəticəsində aorta-koronar şuntlama, ürək qapaqlarının dəyişdirilməsi və müalicəsi, anadangəlmə ürək-damar qüsurlarının müalicəsi kimi yüksək dəyərə malik cərrahi tibbi xidmətlər vətəndaşlar üçün əhəmiyyətli dərəcədə əlçatan olub. Bu nailiyyətlərin arxasında ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, infrastrukturun təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi üzrə görülən işlər dayanır. Tibb sahəsində sürətli texnoloji yeniliklər və tibbi biliklərin artımı səbəbindən belə konqreslər təkcə elmi platforma deyil, həm də həmrəyliyin, birlikdə öyrənməyin, təcrübə paylaşmanın simvoludur. Çünki bir insanın həyatını xilas etmək təkcə həkimin deyil, sistemin, siyasətin, bütöv bir yanaşmanın kompleks işidir.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib ki, ölkə səhiyyəsində son illərin ən əhəmiyyətli və təsiredici addımlarından biri olan icbari tibbi sığortanın tətbiqi nəticəsində kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb, regionlarda belə invaziv kardiologiya xidmətləri göstərilməkdədir. Nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm göstəricisi 2019-cu illə müqayisədə 12 faiz azalıb. Yeddi regionda açıq ürək əməliyyatları həyata keçirilib və bu əməliyyatların müvəffəqiyyət göstəricisi 90 faizdən yuxarı olub. Son illərdə bu sahədə mindən çox həkim və orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə təlimlərinə cəlb edilib. Bununla bərabər, Azərbaycanda dünyada gedən tendensiyaya uyğun olaraq, ürək-damar xəstəlikləri ilə xəstələnmə hallarının sayı artmaqdadır və bu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin strateji əhəmiyyət kəsb etdiyini göstərir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri Kamran Musayev vurğulayıb ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ənənəyə çevrilməsi sevindirici haldır. Hər iki ildən bir keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur.
K.Musayev müstəqilliyin ilk illərinin Azərbaycan üçün çətin olduğunu, lakin 2000-ci ildən etibarən ölkədə artıq müasir səhiyyə ocağının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, həmin səhiyyə ocağının prioritet sahəsi ürək-damar xəstəlikləri, onların diaqnostikası və müalicəsi idi: “Mən də həmin mərkəzi xəstəxanada 2001-ci ildən etibarən ürək-damar cərrahı kimi fəaliyyət göstərdim. O illərdə ölkəmizdə o səviyyəli bir klinika var idisə, Azərbaycanın sürətli inkişafı nəticəsində bu gün təkcə Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi icra olunur. Mən bu konqresdə bölgələrdə çalışan həmkarlarımı da görürəm və çox sevinirəm. Tarix üçün çox da uzun zaman olmayan 20-25 ildə Azərbaycan səhiyyəsinin və ölkəmizdəki ürək-damar xəstəlikləri ilə məşğul olan səhiyyə sahələrinin inkişafını bundan daha yaxşı göstərən əyani fakt ola bilməz. Ona görə də AÜDCC-nin təşkil etdiyi Konqresi bütün bunların memarı kimi Ümummilli Liderimizin əziz xatirəsinə həsr etmişik”.
AÜDCC sədri Ramil Əliyev çıxışında qeyd edib ki, bu cəmiyyət öz mövqeyinə uyğun olaraq, iki ildən bir keçirdiyi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinə xarici ölkələrdən aparıcı mütəxəssisləri cəlb edir. Bu mütəxəssislər konqres çərçivəsində Azərbaycandan olan həmkarları ilə fikir və praktiki təcrübə mübadiləsi aparırlar. Bugünkü konqres də bunun birbaşa göstəricisidir.
Açılış mərasimində həmçinin AÜDCC-nin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib.
Konqres plenar sessiyalarla işini davam etdirib.
Plenar sessiyalarda “CABG – koronar revaskulyarizasiya üçün qızıl standart”, “Eyni zamanda ürək və qaraciyər transplantasiyası və həssas xəstələr”, “İnfeksiyalaşmış qapağın təmiri”, “İnsan bədəninin yüksək riskə səbəb olan hissəsinin cərrahi yolla xaric edilməsi: hər açıq ürək əməliyyatı zamanı sol qulaqcığın appendiksinin rutin bağlanması”, “Aorta qapağının rekonstruksiyasının 17 illik yolu (Ozaki proseduru)”, “Aorta kökünün rekonstruktiv cərrahiyyəsi”, “Qalxan aorta əməliyyatlarının nəticələri – 10 illik təcrübə” və digər mövzularda müzakirələr aparılıb.
Konqresdə ümumilikdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edib. İki gün ərzində 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilib.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunub.
“Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və 20 DTT balı ilə qiymətləndirilib.


Xəbəri paylaş



May 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova