Azərbaycan ilə Qazaxıstan səhiyyə sahəsində akkreditasiya və davamlı təhsil üzrə əməkdaşlıq edəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin nümayəndə heyəti Qazaxıstan Respublikasının Səhiyyənin İnkişafı üzrə Milli Elmi Mərkəzinə tanışlıq səfəri həyata keçirib.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsində verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsi və Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Səlimdat Kayrbekova adına Milli Sağlamlığın İnkişafı Elmi Tədqiqat Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd səhiyyə sahəsində akkreditasiya və davamlı təhsil, elmi tədqiqat fəaliyyətləri, səhiyyənin informasiyalaşdırılması, elektron səhiyyənin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı özündə ehtiva edir. Həmçinin səhiyyənin iqtisadiyyatı və onun maliyyələşdirilməsi, tibbi yardımın proqnozlaşdırılması və planlaşdırılması, əczaçılıq siyasətinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etməsini nəzərdə tutur.
Görüşlərdə tərəflər birgə layihələrin, dəyirmi masaların və ustad dərslərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, səhiyyə işçilərinin idarəetmə və peşə bacarıqlarının artırılması, səhiyyə təşkilatlarının akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi və ortaq tədqiqatların aparılması məsələləri müzakirə edilib.
Səfər zamanı nümayəndə heyəti həmçinin Qazaxıstanın Tibbi və Əczaçılıq Nəzarəti Komitəsində işgüzar görüşlər keçirib və paytaxt Astananın ən böyük tibb mərkəzlərini ziyarət edib.
Bu səfər Azərbaycan və Qazaxıstan arasında səhiyyə sahəsində yeni əməkdaşlıq imkanlarının təməlini qoyur və regional səviyyədə sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verməyi hədəfləyir.
Xəbəri paylaş