Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

Bakıda "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGX) Tibbi Xidmət İdarəsinin (TXİ) Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının (MGH) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən DGK TXİ-nin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov mövzunun əhəmiyyətindən danışıb: “Xəstəxanadaxili infeksiyaların idarə olunması səhiyyə sistemlərinin dayanıqlılığını təmin edən ən vacib məsələlərdəndir. Təəssüf ki, statistika dünyada hər 10 xəstədən birinin xəstəxanadaxili infeksiyalara yoluxduğunu göstərir. Bu göstərici xüsusilə orta və aşağı gəlirli ölkələrdə daha yüksəkdir və bu, bizi ciddi narahat etməlidir”. C.Məmmədov qeyd edib ki, xəstəxanadaxili infeksiyalar çox zaman antibiotiklərə davamlı mikroorqanizmlər tərəfindən törədilir: “Hazırda dünyada 136 milyondan çox infeksiya növü antibiotiklərə qarşı davamlıdır. Bu, təkcə tibbi deyil, həm də iqtisadi və sosial cəhətdən böyük təhlükə yaradır. Halbuki sözügedən infeksiyaların qarşısının alınması mümkündür”.
Pandemiya dövrünün MGH üçün əsl sınaq olduğunu xatırladan C.Məmmədov həmin dövrdə COVID-19 xəstələrinə fasiləsiz tibbi xidmət göstərən hospitalda xəstəxana daxilində yoluxmanın qarşısını almaq üçün tibbi avadanlıqların dezinfeksiyası, ətraf mühitin təmizliyinin qorunması və infeksiya nəzarətinin sistemli şəkildə aparılmasının mühüm rol oynadığını deyib: “Burada laboratoriyaların rolu xüsusilə qeyd olunmalıdır. Dəqiq diaqnostika və effektiv nəzarət tədbirləri olmadan infeksiya zəncirini qırmaq çətindir. Lakin bu sahədə görülən tədbirlər böyük maliyyə vəsaiti tələb edir. Buna görə də xəstəxanadaxili infeksiyalar yalnız tibbi məsələ deyil, eyni zamanda, ictimai səhiyyə mövzusudur”.
DGK TXİ-nin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda, praktiki müstəvidə də yanaşma tələb etdiyinə diqqət çəkib: “Tibbin əsas məqsədi insan həyatının qorunmasıdır və bu məqsədə nail olmaq üçün nəzəri biliklər mütləq şəkildə praktikada tətbiq olunmalıdır. Xəstəxanadaxili infeksiyalar məsələsi cəmiyyət üçün olduqca aktualdır. Xəstəxana daxilində infeksiyalara nəzarətin zəif olması, təəssüf ki, bəzən xəstə ölümləri ilə nəticələnə bilər. Halbuki biz sadəcə dezinfeksiya qaydalarına ciddi riayət etməklə bu cür faciələrin qarşısını ala bilərik.
Müasir səhiyyənin imkanları genişlənməkdədir. Artıq ən mürəkkəb cərrahi əməliyyatlar, ağır klinik halların idarə olunması ölkəmizin tibb müəssisələrində müvəffəqiyyətlə həyata keçirilir. Lakin əgər əsas gigiyenik və infeksiya nəzarəti qaydaları yerinə yetirilmirsə, tibbin yüksək texnoloji imkanları belə, istənilən nəticəni təmin edə bilməz”.
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada tətbiq olunmalıdır: “Çünki xəstəxanadaxili infeksiyaların qarşısını almaqla biz təkcə xəstələrin deyil, bütövlükdə cəmiyyətin sağlamlığını qoruyuruq. Bu səbəbdən xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı məsələnin ciddiliyi həm ictimaiyyətə, həm də tibb işçilərinə açıq və aydın şəkildə çatdırılmalıdır. Bu, yalnız bir qrupun deyil, bütün cəmiyyətin sağlamlığını qoruyan yanaşmadır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva TƏBİB tərəfindən 2020-ci ildən etibarən xəstəxanalarda infeksiyon nəzarət komitələrinin yaradıldığına diqqət çəkib: “Hər il minlərlə insan sadə profilaktik tədbirlərə əməl edilmədiyi üçün xəstəxana şəraitində infeksiyalara yoluxur. Bu infeksiyalar bəzən ölüm, bəzən isə ciddi fəsadlarla nəticələnir. Ancaq qeyd etməliyik ki, bu, qarşısı alınması mümkün olan bir problemdir. Əsas gigiyena qaydalarına, sterilizasiya və dezinfeksiya prosedurlarına düzgün əməl etməklə bu infeksiyaların böyük hissəsinin qarşısını almaq mümkündür. Bu həm xəstələrin həyatını qoruyur, həm də səhiyyə sisteminə düşən əlavə yükü azaldır”.
DGK TXİ-nin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, xəstəxanalarda infeksiyon nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir: “Dəqiq və vaxtında diaqnostika infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Xəstəxanadaxili infeksiyalara nəzarət tibb işçilərinin peşəkarlığı və məsuliyyəti ilə birbaşa bağlıdır. Hər bir səhiyyə əməkdaşı bu məsuliyyəti daşıyır və hər bir xəstə üçün təhlükəsiz mühit yaratmaq lazımdır”.
Toplantıda MGH-nın infeksionisti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “BİOMERİEX – xəstəxanadaxili infeksiyalarla mübarizəni dəstəkləyən əhatəli bir həll yolu – müasir Türkiyə təcrübəsi”, MGH Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Naməlum etiologiyalı infeksiyon prosesin gedişində molekulyar-genetik müayinələrin üstünlüyü”, İstanbul Florence Nightingale Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanı Aslıhan Dəmirəl “Nazokomial virus infeksiyaları və onlarla müasir mübarizə”, MGH İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “MGH-da xəstəxanadaxili infeksiyalara nəzarət təcrübəsi” mövzularında çıxışlar ediblər.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova