TDT ölkələri səhiyyə nazirlərinin V iclası çərçivəsində Qazaxıstanın bir sıra tibb mərkəzləri ilə tanışlıq olub

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aparıcı tibb mərkəzləri olan Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin və Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzində keçirilən görüşdə fövqəladə hallar zamanı qurumda operativ cavab tədbirlərinin əlaqələndirilməsi, sanaviasiya xidmətlərinin inkişafı, təcili tibbi yardımın monitorinqi, tibbi evakuasiya sahəsində müasir texnologiyaların tətbiqi barədə məlumat verilib.
AZƏRTAC Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təcili tibbi yardım sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Təcili tibbi yardım sisteminin inkişafını, peşəkar bacarıqlar və innovativ həllərin tətbiqi üzrə təcrübə mübadiləsini nəzərdə tutan Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Respublikası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov imzalayıb.
Türk dövlətləri səhiyyə nazirlərinin V görüşünün iştirakçıları Qazaxıstanın ən böyük ixtisaslaşmış tibb mərkəzi olan, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin qabaqcıl üsulları ilə tanınan Milli Elmi Onkologiya Mərkəzi ilə də tanış olublar.
Bundan əlavə, dövlət qulluqçularına ixtisaslaşmış və yüksək texnologiyalı tibbi yardım göstərən Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinə də baxış keçirilib.
TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə “Mərkəzi Asiya – Vərəmdən azad” təşəbbüsünün irəli sürülməsi” mövzusunda subregional görüş keçirilib. Tədbirdə Mərkəzi Asiya ölkələrində vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əldə olunan nailiyyətlər və mövcud problemlər barədə məlumat verilib.
Həmçinin tədbir çərçivəsində biznes tərəfdaşlarının iştirakı ilə “TDT ölkələrində səhiyyəyə investisiyaların cəlb edilməsi” mövzusunda işgüzar görüş keçirilib. Görüş zamanı səhiyyə sahəsində mövcud vəziyyət və bu sektora investisiyaların cəlb edilməsi, o cümlədən türk dövlətləri vətəndaşlarının həyat keyfiyyətinin və sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş layihələrin birgə həyata keçirilməsi yolları müzakirə edilib.
Daha sonra Qazaxıstanın Əczaçılıq və Tibbi Avadanlıq Sərgisi ilə tanışlıq olub.
Xəbəri paylaş